Onews.az yazıçı, Prezident təqaüdçüsü Tural Turanın “Bir cümləlik hekayələr”ini təqdim edir:
***
Yuxarı məhəllədəki qonşumuz Vazgen əmi o günə qədər kəndimizdə görmədiyim adamlarla evimizə girib qundaqdakı iyirmi beş günlük qardaşım Türkaya üç-dörd güllə vurduqdan sonra qonaq otağımızdakı kökdən düşmüş pianomuzu dınqıldatdı və oynamağım üçün mənə beş rubl verdi...
26 fevral 2019, Bakı ***
Dişlərinin demək olar ki, hamısı tökülmüş qoca zibil qutusundakı bütün qurumuş çörək qırıntılarını qoxladıqdan sonra sellofan torbasına yığırdı...
20 sentyabr 2020, Binəqədi***
Üç gün öncə əsirlikdə görüntüləri yayılan iyirmi yaşlı sərhədçinin bütün ailə üzvləri dünən gecə terrorçular tərəfindən öldürüldü...
4 aprel 2020, Ağlavaşlı***
Qırx səkkiz saat idi ki, cəbhədən sağ-salamat qayıtdığına inanmırdı, poçtalyonun ötən gün gətirdiyi “ölüm kağızı”nda yazılanları oxuduqdan sonra ürəyi dayandı...
22 avqust 2020, Bakı ***
Həmin gecə Tanrıdan aldığım ekskluziv müsahibə bir gün sonra rəsmi dövlət qəzetlərinin ilk səhifəsində yayımlanmışdı...
3 mart 2023, Bakı ***
Anası dünyasını dəyişən gün iyirmi üç il əvvəl müharibədə itkin düşən əsgərin paltarlarını da qəbirə qoyub dəfn elədilər...
30 oktyabr 2016, Bakı***
Otuz ildən sonra darvazamızın açarlarını götürüb işğaldan azad edilən kəndimizə yollansam da, nə qalaqapımızı, nə də evimizi görə bildim...
28 noyabr 2020, Bakı***
Atam ilk dəfə oğlu dünyaya gələndə rüşvətlə tanış olmuşdu...
23 iyul 2021, Ağlavaşlı***
Qəbristanlığın girişindən tapdığı 20 manatlıq əskinasın üzərində fəhlə atasının telefon nömrəsi yazılmışdı...
9 iyul 2022, Qazax***
O, hər dəfə dörd yaşlı qızı soruşanda ayaqlarını və çəkmələrini səngərdə unutduğunu deyirdi...
11 avqust 2019, Ağlavaşlı ***
Dostum sevgi haqqında dünyanın ən gözəl şeirini yazanda “xərçəng”in onu məğlub etməsinə cəmi 10 dəqiqə qalırdı...
8 fevral 2024, Bakı