Bugünlərdə növbəti sevinci və qüruru yaşadıq. Müzəffər Ali Baş Komandan, Xilaskar Prezident İlham Əliyev və birinci xanım, birinci Vitse Prezident Mehriban Əliyeva Zəngilanda və Cəbrayılda silsilə açılışlar etdilər, düşmən tərəfindən yerlə yeksan edilən kəndlərimizin yenidən təməlini atdılar, doğma Qarabağımızın şənini bir daha göylərə ucaltdılar, şanlı Qələbəmizi yenidən təsdiqlədilər.
Ölçüyəgəlməz əzəmətdir, böyük iftixardır! Ölkə və xalq olaraq bu əzəməti, bu iftixarı bizə yaşadan Prezidentimizə bir daha sonsuz minnətdarlığımızı ifadə edirik!
Prezidentimiz tərəfindən təməli qoyulan kəndlərimizin içərisində Zəngilanın Mincivan qəsəbəsi də var idi. Bu səhnələri izləyərkən həm böyük qürur hissi keçirirdim, həm də kövrəlirdim. Çünki Mincivan ailəmə ikiqat doğma və yaxın bir məkandır. Anamın uşaqlığı bacı-qardaşları, ana-atası ilə birlikdə Zəngilanda keçib.
Onlar burada yaşayıblar, təhsil alıblar. İxtisasca hüquqşünas olan babam - Quliyev Xudadad Bəşir oğlu 50-ci illərdə Zəngilan rayonuna dövlət vəzifəsinə təyin edilib.
Ailəsi ilə birlikdə Zəngilana köçən, burada yurd salan babam uzun illər rayon Dəmir Yolları İdarəsinin rəisi olub, 1963-cü ildə Zəngilan rayonu Mincivan qəsəbəsindən deputat seçilib, Vətəninə sədaqətlə xidmət göstərib. Çox qısa ömrünün sonunu da burada keçirib...
Dünən televizor ekranı qarşısında möhtəşəm açılışları izləyərkən, xalqımızın, eyni zamanda ailəmin keçdiyi çətın, amma şərəfli yolu bir daha xatırladım, bir daha qürurlandım, bir daha kövrəldim...
Nə yaxşı ki, Varsınız, cənab Prezident! Nə yaxşı ki, bizim Prezidentimizsiniz!
Tanrı Prezidentimizi, Azərbaycanımızı, Xalqımızı bütün bəd nəzərlərdən qorusun! Amin!
Jalə Əliyeva
Milli Məclisin deputatı
Onews.az