“Azərbaycan ötən ilin sentyabrında öz ərazi bütövlüyünü tam bərpa edəndən və Qarabağın, həmçinin ətraf rayonların işğalına son qoyandan sonra Bakı və İrəvan sülh sazişinin bağlanılması üçün unikal imkan əldə ediblər. Çünki sülh yolunda ən böyük maneə - ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni hərbi mövcudluğu məsələsi - öz həllini tapdı. Bu səbəbdən bu gün tərəflər heç bir zaman olmadığı qədər sülhə daha yaxındırlar”.
Onews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün yaşıl baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Bakı və İrəvanın sülh sazişinin bağlanmasına həmişəkindən daha yaxın olması ilə bağlı dediklərini şərh edib.
Onun sözlərinə görə, aprelin 19-da delimitasiya üzrə komissiyaların son iclasında Ermənistanın Qazaxın ötən əsrin 90-cı illərindən işğalda saxladığı dörd kəndindən qoşunlarını çıxarmasına razılaşması azı üç nöqteyi-nəzərdən çox vacibdir:
“Birincisi, qərar üçüncü tərəfin iştirakı olmadan, Bakı və İrəvan arasında birbaşa ikitərəfli danışıqlar əsasında verilib. Bu onu göstərir ki, Azərbaycan və Ermənistan siyasi iradə olacağı təqdirdə məsələləri həll etmək vəziyyətindədirlər. İkinci məsələ, Ermənistanın ilk dəfə Azərbaycanla müharibə nəticəsində deyil, diplomatik danışıqlarla işğala son qoymaq qərarına gəlməsidir”.