O, 1943-cü ilin 1 noyabrında Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülür. 416-cı diviziyada bu adı alan birinci qəhrəman kimi tarixə düşür. Qafqazdan başlayaraq Berlinədək şanlı döyüş yolu keçir.
Onews.az xəbər verir ki, Söhbət adı təkcə Azərbaycanda yox, SSRİ-də məşhur olan Ağaşirin Cəfərovdan gedir. Ağaşirin Cəfərov 25 fevral 1906-cı ildə indiki Neftçala rayonunun Ballıcalı kəndində anadan olur.
1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət edir. Müharibənin ilk günlərindən özünü bacarıqlı və igid komandir kimi tanıdır.
Onlarla döyüşçünü itki vermədən mühasirədən çıxarmağı bacarır. Faşistlərlə döyüşlərdə üç dəfə yaralanır. Buna baxmayaraq, yaraları tam sağalmadan ön cəbhəyə qayıdır. Pulemyotçu kiçik serjant kimi döyüşlərdə qəhrəmanlıqlar göstərir. Ağaşirin Cəfərov 1942-ci ilin noyabrında Cənub cəbhəsində 51-ci ordu tərkibinə keçir.
O, 416-ci Azərbaycan Milli diviziyasında döyüşə başlayır. 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə onun adı həmişə öndə çəkilir.
Cəfərov sərrast atəş açaraq şəxsi igidlik göstərir. Düşmənin atəş nəqtələrini və 300-dən artıq canlı qüvvəsini məhv edir.
Döyüş üçün mühüm yüksəkliyin ələ keçirilməsində birbaşa rol oynayır. Taqanroq şəhəri uğrunda gedən amansız döyüşlərdən sonra ən yüksək fəxri ada layiq görülür.
Starşina Ağaşirin Cəfərov müharibə qurtardıqdan sonra öz kəndində kolxoz və kənd soveti sədri olur. Daha sonra Bakıda Neft-qazma idarəsində işləyir. 3 may 1984-cü ildə dünyasını dəyişir və doğma kəndində dəfn edilir.Rauf