"Azərbaycanla Ermənistanın vasitəçi olmadan sərhədlə bağlı ilk razılaşması Rusiya və İrandakı siyasi dairələri düşündürüb. ABŞ, Avropa İttifaqı və Türkiyə əldə edilən razılaşmanı təqdir edərkən, ard-arda açıqlamalar gələrkən, Moskva və Tehrandan hələ ki, xəbər yoxdur".
Bunu
Onews.az-ın sorğusuna cavab olaraq politoloq
Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, halbuki Moskva və Tehran hər dəfə deyirlər ki, bölgə ölkələri uzaq ölkələrin iştirakı olmadan danışıqlar aparmalıdırlar:
"Bakı və İrəvan məhz uzaq ölkələrin iştirakı olmadan müsbət nəticə əldə ediblər. Ancaq Moskva və Tehranda buna sevinən yoxdur. Çünki, Rusiya və İrandakı dairələr bölgədə sülhdən çox Cənubi Qafqaz ölkələrinin onların təsiri altında olmasını istəyirlər. Bakı ilə İrəvan arasında əldə edilən razılaşma isə Rusiya və İranın bölgəyə təsirini azaldacaq. Misal üçün baş nazir Nikol Paşinyan Tavuş bölgəsində artıq Rusiya sərhədçilərinə ehtiyac olmadığını deyib".
Elxan Şahinoğlunun sözlərinə görə, Bakı ilə İrəvan razılaşma əldə etdiyi gün İranın Ermənistandakı səfiri Mehdi Sübhani Cənubi Qafqazda təhlükəsizliyin hazırkı kövrəkliyinin səbəbini regionda güc balansının pozulması ilə əlaqələndirmişdi:
“Onun sözlərindən belə çıxmışdı ki, Tehran qəti əmindir ki, Cənubi Qafqaz regionunda qüvvələr balansı yaradılmalıdır. Yəni Tehran öz səfiri vasitəsilə demək istəyib ki, onlar bölgədə güclü Azərbaycanın əleyhinədirlər. Güclü Azərbaycan olmasaydı, Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirər və bugünkü razılaşmalar əldə olunmazdı. Tehrana əvvəlki Cənubi Qafqaz lazımdır. Geri dönüş mümkün deyil".
Fuad Süleyman