"Hadisələrin gedişatı göstərir ki, 2024-cü ilin sonuna qədər Rusiya-Ukrayna savaşı davam edəcək. İndiki mərhələdə Moskva savaşın dayandırılmasına razı görünür. Çünki Kreml istəklərinin böyük bisminə geridə qalan 2 il 2 ay ərzində əldə etməyi nail ola bilib. Amma işğala məruz qalan Ukrayna haqqında bunu söyləmək çətindir. Ukrayna hazırkı status-kvo ilə razılaşmayacaq".Bunu
Onews.az-a açıqlamasında keçmiş millət vəkili, politoloq
Sona Əliyeva deyib.
Keçmiş millət vəkili bildirib ki, hadisələrin axarı hər iki tərəfi daha dəhşətli ssenarilərə sürükləyir:
"Ukrayna çalışır ki, itirdiyi əraziləri tamamilə azad etsin. Ən azından, 2022-ci ilin fevralın əvvəlindəki mövqelərinə geri qayıtsın. Moskva isə Kiyevin bu cür yanaşmalarını geri çevirir. Çünki indiki situasiyada döyüş meydanında üstün tərəf məhz şimal qonşumuzdur. Bundan başqa, Qərb Ukraynanın tələblərini yerinə yetirməkdə acizdir. Kiyevin silah təchizatı onu müharibəyə sürükləyənlər tərəfindən vaxtlı-vaxtında ödənilmir. Hətta bəzi Avropa ölkələri Ukraynaya silah yardımının dayandırılmasını tələb edirlər. Ona görə ki, bu yardımlar həmin ölkələrin müdafiə ehtiyatını da xeyli zəiflətməkdədir. Belə olan halda Ukrayna daha çox ərazilər itirməyə məhkumdur. Rusiya isə Odessanı da ələ keçirmək istəyir. Artıq Kremldən bu barədə vaxtaşırı müəyyən ismarıclar da səsləndirilir. Yaşanan hadisələrdən gəlinən nəticə odur ki, 2024-cü ilin sonuna qədər Ukrayna cəbhəsində sükut savaşı gerçəkləşməyəcək".
Turan