“Bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin imzalanacağını düşünürəm”.Bunu
Onews.az-a açıqlamasında Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru, hərbi ekspert
Yücel Karauz deyib.
Türkiyəli ekspertin sözlərinə görə, buna baxmayaraq, həmin sülh müqaviləsi 10 noyabr 2020-ci ildə Azərbaycan-Ermənistan-Rusiya arasında bağlanan üçtərəfli saziş müstəvisində gerçəkləşməyə də bilər:
“Bu sülh müqaviləsinin fərqli nüanslarının, birləşmələrinin olması da mümkündür. Xüsusilə Qarabağda yaşayan erməni kökənli əhali könüllü şəkildə bölgəni tərk edib. Nəqliyyat yollarının qarşılıqlı şəkildə açılması mümkündür. İlk olaraq sərhədlərin müəyyənləşməsi, delimitasiya və demarkasiya proseslərinin aparılması ilə bağlı müəyyən işlər ola bilər. Azərbaycanla Ermənistan arasında qalan yaşayış məntəqələrində koordinasiyalı şəkildə gediş-gəlişin təmin olunması fonunda sülh sazişinin imzalanması mümkün görünür. Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının sadalanan məsələlərin paralel və qarşılıqlı şəkildə həlli ilə gerçəkləşmə ehtimalı yüksəkdir. Qərb də Ermənistanla Azərbaycan arasındakı sülh prosesini dəstəkləyir və sazişin tezliklə bağlanmasını istəyir”.
General Yücel Karauzun yanaşmasına görə, başda Birləşmiş Ştatların Dövlət katibi olmaqla ABŞ-da bölgədə Azərbaycan-Ermənistan məsələsi fonunda problemlərin azalmasının tərəfdarıdır:
“Fikrimcə, ABŞ Kremli tam şəkildə “mühasirəyə” alaraq Rusiya ilə bağlı mübarizəsini Ermənistan və Gürcüstan üzərindən həyata keçirməyə çalışır. Təbii ki, Türkiyə də Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesində üzərinə düşəni edəcək. Ankara bu prosesə öz töhfələrini həmişə verib və bundan sonra da verəcək. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində bir həyata keçiriləcək bir sıra nüanslar var. Söhbət sülh sazişindən əvvəlki və sonrakı proseslərdən gedir. Əgər sülh sazişi imzalanarsa, iki xüsusa diqqət yetirilməlidir. Bu, sülh sazişi imzalanarsa, Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasıdır. Digəri isə Azərbaycanla Ermənistan arasında qarşılıqlı şəkildə diplomatik əlaqələrin qurulmasıdır. Sülh sazişi imzalanmazsa, Ermənistanın imzalanan müqavilənin şərtlərini yerinə yetirmədiyi təqdirdə, eyni zamanda, qondarma erməni “soyqırımı” ilə bağlı tələblərin və ifadələrin ortadan qaldırılmaması fonunda sərhədlərin açılması mümkün deyil. Üstəlik, Ermənistanın hazırkı, mövcud konstitusiyasında Türkiyəyə ərazi iddiaları məsələləri var. Əgər bu İrəvan bu problemləri həll etməsə, o zaman rəsmi Ankara Ermənistanla sərhədlərini açmayacaq. Mən bu cür düşünürəm. Çünki Türkiyə ilə Azərbaycanı, göbək bağları, beyin bağları, könül telləri ilə bir-birinə bağlanıb. Bizim kədərimiz də, sevincimiz də birdir. Biz bir millət iki dövlətik. Lazım gələrsə tək yumruq da ola bilirik. Biz bir çox platformalarda birgə, ortaq şəkildə hərəkət edirik”.
Yücel Karauzun sözlərinə görə, bundan sonrakı proseslərdə Türk Dövlətləri Təşkilatının da bu birgə addımlama prosesinə qoşulması mümkündür:
“Cənab prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatını “ailəmiz” kəlməsi ilə ifadə edir. Biz bu ailə içərisində də öz fəaliyyətlərimizi gerçəkləşdirməliyik. Ayrı-ayrılıqda hansısa dövlətin deyil, Türk Birliyinin çətiri altında öz milli maraqlarımızı qorumalıyıq. Ailəmizin milli maraqları çərçivəsində, balansı qorumaqla fəaliyyətimizi yürütməliyik. Nə tamamilə Qərbyönümlü, nə də bütünlüklə Şərqyönümlü olmalıyıq. Milli və müstəqil siyasətimizi formalaşdırmalı və birgə addımlarımızı atmalıyıq. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 ili tamam oldu. Geridə qalan 6 illik zaman kəsiyində də bu birlik və bərabərlik bundan sonra da sonsuza qədər davam edəcək. Türkiyə və Azərbaycana da yaraşan elə budur”.
Tural Turan