“Rusiya-Ukrayna savaşını, Qarabağdakı mövcud durumu nəzərə alaraq Moskvadakı siyasi, hərbi rəhbərlik sülhməramlı qüvvələri Azərbaycandan çıxarmaqla bağlı qərar qəbul etdi”.
Bunu
Onews.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq
Rasim Musabəyov deyib.
Millət vəkili bildirib ki, sülhməramlı qoşunların Azərbaycan ərazisindən çıxarılmasının arxasında Ermənistana göndərilən mesajlar da var:
“Bəli, müəyyən mənada mesajlar mövcuddur. Yəni, Ermənistan həmişə sülhməramlıları tənqid atəşinə tuturdu. Deyirdilər ki, rusiyalı sülhməramlılar öz öhdəliklərini yerinə yetirmir. Ermənilər onu da dilə gətirirdilər ki, guya, rusiyalı sülhməramlılar Qarabağdakı erməniləri müdafiə etməli imiş və onlar bunu etməyiblər. Rus hərbçilərini Qarabağdakı ermənilərin təhlükəsizliklərini təmin etməməkdə günahlandırırdılar".
Rasim Musabəyov bildirib ki, bütün bu tənqidlərin müqabilində Rusiya Ermənistana hansısa izahatın verilməsini lazım bilmədi:
"Müəyyən mənada, Rusiya Ermənistana nümayiş etdirdi ki, əgər sən məni tənqid edirsənsə, o zaman zəhmət çək, mənim qərarımı həzm et. Vəssalam! Ancaq bu qərarın Ermənistanın təhlükəsizliyinə heç bir aidiyyatı yoxdur. 2 min nəfərlik rusiyalı sülhməramlı Azərbaycan Ordusunun 3 korpusu ilə əhatə olunmuşdu. Üstəlik, rus hərbçilərinin Qarabağda hər hansı bir missiyası da yox idi. Onlar nə Azərbaycana dəstək verirdi, nə də bizə qarşı hədə sayıla bilərdi. Onlar öz missiyalarını bitmiş hesab edən kimi geri qayıtdılar”.
Turan