Bu ölkə hazırda 7 müstəqil türk dövlətindən biridir. Təbii qaz ehtiyatlarına görə, dünyada dördüncüdür. Dünya təbii qaz ehtiyatlarının yüzdə on ikisi bu qardaş ölkədədir.
Onews.az-ın əməkdaşının araşdırmalarına görə, qardaş ölkə iqtisadiyyatı da təbii qaz ixracına görə şəkillənir. 2019-cu ilə qədər bu ölkənin vətəndaşları üçün işıq, qaz və su pulsuz idi. Paytaxtı dünyada “ağ mərmər şəhəri” kimi tanınır.
Söhbət Orta Asiyanın ən qapalı ölkəsi sayılan Türkmənistandan gedir.
Atalarımızın üzü Qərbə doğru axınının başladığı məmləkət 1991-ci ilin payızında azadlığa qovuşur.Əhalinin yüzdə doxsan üçü müsəlmanlardan ibarətdir. Turist kimi Türkmənistanı ziyarət etməyi düşünürsünüzsə, qış mövsümünü seçməyin. Çünki kəskin bozqır və səhra soyuğu elə hava limanındaca sizi qarşılayacaq.Hətta mənfi 25 dərəcəyə qədər soyuq sizi iliklərinizə qədər üşüdə bilər. Yayda isə temperatur 50 dərəcəyə qədər yüksəlir. Bir sözlə, Türkmənistanı gəzmək üçün ən ideal mövsümlər yaz və payızdır. Dünyaca məşhur Qaraqum çölü də məhz Türkmənistandadır.
Qaraqum çölündə isə “Cəhənnəm qapıları” mövcuddur. Bura təbii qazların və kondensatların odla tutuşduğu yerdir.
Turistlərin ən çox axın etdiyi məkanlardandır. At minmə yarışları türkmənlərin əsas əyləncələrindəndir. İddialara görə, dünyanın ən gözəl atları buradadır.
Burada mayalı və mayasız olmaqla çörəyin onlarla növü bişirilir. Aşqabadda küçədə siqaret çəkmək qadağandır. Prezident Sarayının fotosunu çəksəniz sizi həbs də edə bilərlər. Saat 11-dən sonra küçələrə çıxmaq da əsas qadağalardan sayılır.Burada evli xanımlar şal bağlayır, subay qızlar isə təkkə taxırlar. Türkmənlər gündəlik həyatda da milli geyimlərə üstünlük verirlər. Bu ölkəyə qara rəngli avtomobillərin gətirilməsinin qadağan olduğu bildirilir.
Fuad Süleyman