Budəfəki yolumuz Albaniyayadır. Albaniyanın ərazisi cəmi 28 min kvadrat kilometrdir. Əhalisi isə cəmi 3 milyon nəfərdir. Yəni ərazisi və əhalisi Azərbaycandan 3 dəfə azdır.
Onews.az-ın
“Araşdırma Redaksiyası” bu dəfə yolunu Balkan yarımadasından salacaq:
Bu ölkə Balkanların “qırmızı incisi” sayılır. Şərqi Avropanın yeganə müsəlman ölkəsidir. Kosovadakı əhalinin də 95 faizi alban kökənlidir. Albaniya 600 il ərzində Osmanlı imperiyasının bir əyaləti olur.
Bu faktor albanların mətbəxinə və memarlığına da ciddi təsir göstərir.Albanlar Osmanlı dövlətinə qarşı ən çox üsyan qaldıran topluluqlardandır.
İndiki bayraqlarının tarixi də 1443-cü ilə gedib çıxır. Cüt başlı qartal Osmanlıya qarşı 25 illik mübarizənin simvolu idi. Albaniya 1912-ci ildə Osmanlı dövlətindən öz müstəqilliyini qazanır.
Ölkədə hava olduqca dəyişkəndir.
Səhər yağış yağa, günorta duman gələ və axşamüstü günəş çıxa bilər.
İnsanların xarakteri də ölkənin havası kimi dəyişkəndir.
Tez əsəbləşməyi və qısa müddətdə sakitləşməyi bacarırlar.
İlin sadəcə 2 ayı sərt qış keçir.
Digər aylar isə turizm üçün əlverişlidir.
Ölkənin ən qaynar şəhəri isə paytaxt Tiranadır.
Albaniyada tramvay və metro sistemi yoxdur.
İnsanlar daha çox velosiped və skuterlərdən istifadə edirlər.
Əhali daha çox ictimai nəqliyyata üstünlük verir.
Paytaxtdakı lüks taksilər daha çox elektrikli avtomobillərdir. Tiranada hər iki avtomobildən birinin qiyməti 100 min dollardan yuxarıdır.
Səbəbi isə çox sadədir. Çünki insanlar təzə ev almaqdansa, yeni avtomobil almağı üstün tuturlar. Albaniyada hər şəhərin xüsusi velosiped yolları mövcuddur.
Şəhərin mərkəzində lüks binalar olsa da, arxa küçələrdəki binalar qəzalı durumdadır. Alban qızları olduqca gözəldirlər. Sarı saçlı, mavi gözlü xanımların ölkəsidir Albaniya...
Kişilər isə hündürboy və qonur saçlı olurlar. İşsizlik isə bu ölkənin baş bəlasına çevrilir. İnsanlar iş tapmadığı üçün bəzən 28-30 yaşlarında da evlənə bilmirlər.
Turizm imkanlarına görə isə Albaniya daha çox Osmanlı dövlətinə minnətdar olmalıdır. Buradakı tarixi bazarlar, məscidlər və körpülər türk memarlığının şah əsərlərindəndir.
Fuad Süleyman