"Heydər Əliyev irsi daim öyrənilməli, daha geniş tədqiq olunmalıdır. Çünki Ümummilli Lider Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarıdır və biz Ulu Öndərə çox borcluyuq".
Onews.az xəbər verir ki, bu fikirləri iş adamı və siyasi şərhçi Ayxan Baxşəlizadə “Heydər Əliyev irsi, qadın siyasəti” mövzusunda keçirilən konfransda səsləndirib.
Heydər Əliyevin qadınların ictimai-siyasi həyatda fəal iştirakı və ailə institutunun qorunmasındakı rolundan danışan iş adamı Azərbaycanın 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında” Konvensiyaya, yəni CEDAW-a qoşulmasında Ulu Öndərin xidmətlərini qeyd edib.
Bu Konvensiyanın qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd olduğunu xatırladan A.Baxşəlizadə bu sənədə qoşulmaqla onun Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaratdığı imkanlardan danışıb.
“Heydər Əliyev vurğulayırdı ki, ölkəmizə qarşı təzyiqlər çərçivəsində Azərbaycan xalqı üçün müqəddəs olan ailə dəyərlərimiz aşına bilər və bunun üçün də çox diqqətli olmalıyıq. Azərbaycan hər zaman qadınların hüquqlarının qorunması istiqamətində nümunə göstərib və göstərməkdə davam edir. Şərqdə qadınlara seçki hüququ məhz bizim ölkədə verilib. 2006-cı ildə ölkəmizdə “Gender bərabərliyi haqqında”, 2010-cu ildə “Məişət zorakılığı haqqında” qanunlar qəbul edilib və qadınların hüquqların qorunması, gender bərabərliyinin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi davam etdirilir”, - deyə Ayxan Baxşəlizadə diqqətə çatdırıb.
Rauf