Bəzi tarixlər var ki, onlar təqvim vərəqlərində sadəcə rəqəmlər kimi qalmır. Onlar xalqın yaddaşına həkk olunur, nəsildən-nəslə ötürülür və dövlətçilik tarixinin mühüm səhifələrinə çevrilir. Azərbaycan üçün 20 Sentyabr da məhz belə tarixi günlərdən biridir.
Bu gün xalqımızın yaddaşında dövlət suverenliyinin tam bərpasının, milli iradənin və dövlətçilik əzminin rəmzi kimi yaşayır. 2023-cü ilin sentyabrında Azərbaycanın dövlət suverenliyinin Qarabağda tam bərpası ilə yeni mərhələ başladı. 2024-cü ilin 20 sentyabrında isə həmin tarix Xankəndidə Qarabağ Universitetinin açılışı fonunda qeyd edildi. Bu iki hadisə arasında cəmi bir il olsa da, onların mənəvi və tarixi məzmunu böyükdür: birincisi suverenliyin təmin olunmasını, ikincisi isə həmin suverenliyin yaratdığı yeni imkanların quruculuğa və təhsilə çevrilməsini ifadə edir.
Tarixdə qələbələr yadda qalır. Lakin qələbədən sonra qurulan gələcək daha uzunömürlü olur. Bu mənzərənin özü böyük bir tarixi məna daşıyır: bir vaxtlar münaqişə və qarşıdurma ilə xatırlanan Xankəndidə indi təhsil, elm və gənclik gələcəyin Azərbaycanını qurmağa başlayır. Ölkə prezidenti İlham Əliyevin həmin gün Qarabağ Universitetinin müəllim və tələbə heyəti qarşısında səsləndirdiyi fikirlər də məhz bu tarixi məqamın əhəmiyyətinə yönəlmişdi. Dövlət başçısının çıxışının Xankəndidə – Qarabağın mərkəzində yerləşən universitetdə səslənməsi hadisənin simvolik əhəmiyyətini daha da artırır.
Əminliklə deyə bilərik ki, hər bir böyük qələbənin həqiqi dəyəri onun yaratdığı gələcəklə ölçülür. Azərbaycan üçün Qarabağda əldə olunan nəticə yalnız hərbi uğurla məhdudlaşmır. Bu gün qarşıda daha böyük bir vəzifə dayanır: azad edilmiş əraziləri yenidən qurmaq, burada dayanıqlı həyat yaratmaq, insanların doğma yurdlarına qayıdışını təmin etmək və Qarabağı ölkənin sosial-iqtisadi və mədəni həyatının fəal hissəsinə çevirmək.
Bu baxımdan Qarabağ Universitetinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il noyabrın 28-də imzaladığı sərəncam əsasında Xankəndidə Qarabağ Universiteti yaradılıb. Universitetin əsas məqsədləri sırasında regionun ehtiyaclarına uyğun yüksəkixtisaslı kadrların hazırlanması və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması göstərilib
2024/2025-ci tədris ilində universitetdə altı fakültə üzrə bakalavr hazırlığına başlanılıb. İlk qəbul planında 1120 yer nəzərdə tutulub və 1104 tələbə qəbul olunub. Universitetdə mühəndislik, humanitar və sosial elmlər, iqtisadiyyat, turizm, pedaqogika və incəsənət istiqamətləri üzrə təhsil imkanları yaradılıb. Müasir laboratoriyalar, kitabxana və digər tədris infrastrukturu formalaşdırılıb. Bu faktlar təsadüfi deyil. Çünki Qarabağın gələcəyi yalnız yolların, binaların və infrastrukturların qurulmasından ibarət deyil. Qarabağın gələcəyi burada yetişəcək gənclərlə, alimlərlə, müəllimlərlə, mühəndislərlə, həkimlərlə, hüquqşünaslarla və digər peşəkarlarla bağlıdır. Başqa sözlə, Qarabağ Universiteti Zəfərin yalnız keçmişini deyil, gələcəyini də təmsil edir. Qarabağ Universitetinin auditoriyalarında Azərbaycan gəncləri təhsil almağa başlayır. Onların arasında müxtəlif şəhər və rayonlardan gələn tələbələr, vaxtilə Qarabağdan didərgin düşmüş ailələrin övladları da var. Prezidentin görüşündə çıxış edən tələbələrdən biri doğma torpaqlarını heç vaxt görmədiyini, lakin həmin torpaqlara olan sevgini qəlbində yaşatdığını bildirdi. İndi isə o, Qarabağa tələbə kimi qayıdırdı. Bu, təkcə bir gəncin şəxsi taleyi deyil, bütöv bir nəslin tarixidir. Bir zamanlar Qarabağdan məcburi köçkün düşən ailələrin övladlarının bu gün həmin torpaqlarda universitet tələbəsi kimi təhsil alması böyük bir tarixi dəyişimin göstəricisidir. Əgər müharibə illərində əsas məqsəd torpaqları azad etmək idisə, bu gün əsas məqsədlərdən biri həmin torpaqlarda firavan və təhlükəsiz həyat qurmaqdır. Dövlətin gücü yalnız ordusunun hərbi imkanları ilə ölçülmür. Güclü dövlət həm də öz ərazisində qanunun aliliyini təmin edən, iqtisadiyyatını inkişaf etdirən, vətəndaşının rifahını yüksəldən, elm və təhsilə sərmayə qoyan dövlətdir. Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa və quruculuq işləri də məhz bu baxımdan əhəmiyyətlidir. Qarabağda yeni yaşayış məntəqələrinin, yolların, məktəblərin, sosial obyektlərin yaradılması və insanların geri qayıtması Zəfərin sülh və quruculuq mərhələsini formalaşdırır. Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması isə bu mərhələnin ən parlaq simvollarından biridir. Çünki universitet olan yerdə elm var, elm olan yerdə gələcək var. Bir vaxtlar bu torpaqlarda insanların doğma evlərinə qayıtmaq arzusu vardı. Bu gün həmin arzunun yanında daha böyük bir məqsəd dayanır: Qarabağı gələcəyin elm, təhsil, mədəniyyət və innovasiya məkanlarından birinə çevirmək.
Zəfərin qorunması və davam etdirilməsi yalnız bugünkü nəslin deyil, gələcək nəsillərin də məsuliyyətidir. Qarabağ Universitetinin tələbələri bu məsuliyyətin xüsusi daşıyıcılarıdır. Onlar tarixi Zəfərin əldə olunduğu torpaqda təhsil alaraq yalnız peşə sahibi olmayacaq, həm də Azərbaycanın yeni tarixinin canlı şahidləri kimi formalaşacaqlar. Bu gənclər üçün Qarabağ Universitetində oxumaq sadəcə ali təhsil almaq deyil. Bu, həm də tarixlə gələcəyin qovuşduğu məkanda yaşamaq deməkdir. Azərbaycanın gələcək inkişafında savadlı, vətənpərvər və müasir dünyagörüşlü gənclərin rolu böyükdür. Qarabağın bərpası və inkişafı üçün də məhz belə nəslə ehtiyac var.
Afət Sadıqova – Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyinin
Elm, ali və peşə təhsil şöbəsinin baş məsləhətçisi,
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü