Qasımova Xəyalə Şiraslan qızı
Nərimanov rayonu Dilqəm Nəbiyev adına
178 nömrəli tam orta ümumtəhsil
məktəbin direktoru
Azərbaycanın elə şəhərləri var ki, onların adı çəkiləndə göz önünə həm zəngin tarix, həm bərəkətli torpaq, həm də böyük bir mədəniyyət gəlir. Qarabağın mərkəzində qərarlaşan Ağdam məhz belə diyarlardan biridir. Bir müəllim kimi şagirdlərimə doğma yurdumuzun guşələrini tanıdanda həmişə vurğulayıram ki, Ağdam təkcə coğrafi bir məkan deyil, həm də xalqımızın iradəsini, zəhmətkeşliyini və mədəni ruhunu özündə yaşadan canlı bir tarixdir. Ağdamın tarixi taleyini onun unikal coğrafi yerləşməsi müəyyən edib. Kiçik Qafqaz dağlarının ətəkləri ilə geniş Qarabağ düzünün qovuşduğu ərazidə yerləşən bu rayon həm dağlıq, həm də düzənlik relyefə malikdir. Məhz bu əlverişli coğrafi mövqe onu əsrlər boyu Dağlıq Qarabağla aran bölgələri arasında əsas nəqliyyat, ticarət və gediş-gəliş qovşağına çevirib.
Biz azad Ağdamdan qürurla danışırıqsa, bunu şəhidlərimizin müqəddəs ruhuna, qazilərimizin fədakarlığına, igid əsgərlərimizin cəsarətinə və Ali Baş Komandanımızın qətiyyətinə borcluyuq. Öz doğma sakinlərini yenidən qoynuna alan bu qədim şəhər Qarabağın ən müasir, abad və işıqlı mərkəzlərindən birinə çevrilir.
Ağdam həm də muğamımızın, sənətimizin və ziyalı mühitimizin beşiyi kimi tanınıb. Bu torpaq Azərbaycan mədəniyyətinə dünya şöhrətli xanəndələr, alimlər, yazıçılar və qəhrəmanlar bəxş edib. Dünyada tayı-bərabəri olmayan Çörək Muzeyi, qədim Şahbulaq qalası, Pənahəli xanın imarəti və Cümə məscidi Ağdamın zəngin keçmişinin və memarlıq ənənələrinin ən parlaq nümunələri idi.
1993-cü ilin iyul ayında baş verən işğal Ağdamın həyatında ağır və qaranlıq bir səhifə açdı. Şəhər tamamilə dağıdıldı, tarixi abidələrimiz yerlə-yeksan edildi və yüz minlərlə insan öz doğma ocağından didərgin düşdü. Lakin bu həsrət əbədi sürmədi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi qələbə nəticəsində, noyabrın 20-də Ağdam bir güllə belə atılmadan, şəhid verilmədən azadlığına qovuşdu. Hər il 20 Noyabrın Ağdam Şəhəri Günü kimi qeyd olunması bu möhtəşəm qayıdışın rəmzidir.
Bu gün Ağdam tamamilə yeni bir simada dirçəlir. Dövlətimizin həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri nəticəsində dağıdılmış ərazilərdə müasir "ağıllı şəhər" konsepsiyası qurulur. Yeni avtomobil və dəmir yolları çəkilir, sənaye parkı yaradılır, müasir məktəblər, xəstəxanalar və yaşayış massivləri inşa olunur. Ağdam bu gün keçmişin ağrı-acısını geridə qoyaraq gələcəyə inamla addımlayır. Öz doğma sakinlərini yenidən qoynuna alan bu qədim şəhər Qarabağın ən müasir, abad və işıqlı mərkəzlərindən birinə çevrilir.