Nəzrin Əlizadə
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü ölkəmizin
dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar günlərdən
biridir. Bu tarix müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının
formalaşmasını, milli suverenliyimizin möhkəmləndirilməsini və
demokratik dövlət quruculuğu istiqamətində atılmış mühüm addımları
özündə əks etdirir. Azərbaycan Respublikasının Konstitusiyası
dövlətimizin əsas qanunu olmaqla, ölkənin siyasi, hüquqi, iqtisadi və
sosial həyatının fundamental prinsiplərini müəyyən edir. Konstitusiyamız
xalqımızın iradəsini, milli dövlətçilik ənənələrini və gələcəyə olan inamını
ifadə edən mühüm sənəddir.
Azərbaycan Respublikasının ilk Konstitusiyası müstəqilliyimizin
bərpasından sonra hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Konstitusiya
layihəsinin hazırlanması Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilmişdir. 1995-ci il noyabrın 27-də qüvvəyə minən bu sənəd
müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını qoymuşdur.
Konstitusiyanın qəbul edilməsi ölkəmizin dövlət müstəqilliyinin
möhkəmləndirilməsi, qanunvericilik sisteminin formalaşdırılması və
cəmiyyətin demokratik prinsiplər əsasında inkişafı baxımından tarixi
hadisə olmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, insan və vətəndaş
hüquq və azadlıqlarının təmin edilməsini, qanunun aliliyini və demokratik
idarəetmə prinsiplərini özündə ehtiva edir. Əsas Qanun hər bir
vətəndaşın hüquqlarını müəyyən etməklə yanaşı, onun cəmiyyət və dövlət
qarşısında məsuliyyətini də formalaşdırır. Konstitusiyanın əsas mahiyyəti
hüquqi dövlətin inkişafına, ədalətin təmin olunmasına və vətəndaşların
rifahının yüksəldilməsinə xidmət etməkdir.
Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi və institusional
inkişaf istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. 2002, 2009
və 2016-cı illərdə keçirilmiş ümumxalq referendumları ilə Konstitusiyaya
əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər dövlət idarəçiliyinin
təkmilləşdirilməsi, hüquqi mexanizmlərin inkişafı və müasir dövrün
tələblərinə uyğunlaşma baxımından əhəmiyyətli olmuşdur. Azərbaycanın
hüquqi dövlət kimi inkişafı və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi
Konstitusiyanın müəyyən etdiyi prinsiplərin dövlətçilik həyatımızda
mühüm rol oynadığını göstərir.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin sabitliyinin,
milli birliyinin və dövlət suverenliyinin qorunmasında mühüm hüquqi
dayaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət
siyasətində qanunçuluğun möhkəmləndirilməsi, dövlət institutlarının
inkişafı və vətəndaşların rifahının yüksəldilməsi mühüm istiqamətlərdən
biri kimi çıxış edir. Azərbaycanın əldə etdiyi siyasi, iqtisadi və sosial
nailiyyətlər müstəqil dövlətimizin inkişaf yolunun ardıcıl şəkildə davam
etdirildiyini nümayiş etdirir.
Mənim düşüncəmə görə, Konstitusiyaya hörmət və onun prinsiplərinə
əməl etmək hər bir vətəndaşın dövlət qarşısında mühüm məsuliyyətidir.
Xüsusilə gənclər hüquqi biliklərini artırmalı, öz hüquq və vəzifələrini
dərindən mənimsəməli, cəmiyyətin inkişafında fəal iştirak etməlidirlər.
Konstitusiyanın mahiyyətini dərk etmək və onun müəyyən etdiyi dəyərləri
qorumaq güclü dövlətin və sağlam cəmiyyətin formalaşmasına xidmət
edir.
12 Noyabr – Konstitusiya Günü münasibətilə hər bir Azərbaycan
vətəndaşını təbrik edirəm. Arzu edirəm ki, müstəqil dövlətimiz daim
inkişaf etsin, hüquqi dövlətçilik ənənələrimiz daha da möhkəmlənsin,
xalqımız sülh, əmin-amanlıq və firavanlıq şəraitində yaşasın. Azərbaycan
Respublikasının Konstitusiyası dövlətimizin müstəqilliyinin, milli birliyinin
və gələcək inkişafının etibarlı hüquqi təminatı olaraq daim öz
əhəmiyyətini qoruyub saxlayacaqdır.