Axundzadə Nurlana Fazil qızı
Nərimanov rayonu 42 saylı körpələr evi-uşaq
bağçasının müdiri, YAP Nərimanov rayon üzrə ƏPT sədri
1995-ci il 12 noyabr tarixi müstəqil və azad Azərbaycan Respublikasının şanlı dövlətçilik
mərhələsini ifadə edən bir gündür. 1995-ci ilin məhz bu günündə müstəqil Azərbaycan
Respublikasının ali normativ hüququ sənədi olan ilk Konstitusiyası ümumxalq səsverməsi –
referendum yolu ilə qəbul edildi. Bu mühim sənəd həmin il noyabrın 27-də qüvvəyə mindi. Böyük
hüquqi əhəmiyyətə malik olan bu hadisə müstəqilliyini yenidən bərpa etmiş ölkəmizin hüquqi
əsaslarının formalaşdırılması, dövlət idarəçiliyinin prinsiplərinin müəyyənləşdirilməsi və cəmiyyətin
gələcək inkişaf istiqamətinin təsbit olunması baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Konstitusiyanın qəbul edilməsi sadəcə yeni hüquqi sənədin təsdiqi deyildi. Bu önəmli konseptual
sənəd, Azərbaycan xalqının hansı dövlət quruluşunda yaşamaq, hansı dəyərləri əsas götürmək və
gələcək müqəddaratını hansı prinsiplər üzərində qurmaq istədiyini ifadə edən ümumxalq seçimidir.
Konstitusiyanın preambulasında azadlığın, müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün
qorunması, demokratik quruluşa təminat verilməsi, hüquqi və dünyəvi dövlətin yaradılması, ədalətin,
azadlığın və təhlükəsizliyin bərqərar olması əsas niyyətlər kimi göstərilir. Bu müddəalar dövlətin
hüquqi simasını müəyyən etməklə yanaşı, onun qarşısında duran başlıca məsuliyyəti də ifadə edir.
Əsas ideyanın mühüm prinsiplərindən biri dövlət hakimiyyətinin yeganə mənbəyinin xalq
olmasıdır. Xalq isə öz suveren hüququnu referendum və seçkilər vasitəsilə həyata keçirir.
Konstitusiyada qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri müəyyənləşdirilir,
onların qarşılıqlı fəaliyyəti və öz səlahiyyətləri çərçivəsində müstəqilliyi təsbit olunur. Bu bölgü
dövlət idarəçiliyində tarazlığın qorunmasına, səlahiyyətlərin hüquqi çərçivədə həyata keçirilməsinə
xidmət edir. Hüququn aliliyi isə yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın da qanun
qarşısında məsuliyyət daşımasını nəzərdə tutur.
Konstitusiyanın əhəmiyyəti onun maddələrinin hüquq kitablarında, qanunlarda yer alması ilə
məhdudlaşmır. İnsan ləyaqətinin qorunması, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi,
təhsil, əmək, istirahət, sağlamlığın qorunması, sosial təminat, fikir və söz azadlığı kimi hüquqlar
insanların gündəlik həyatına birbaşa təsir edir. Vətəndaşın dövlət orqanlarına müraciət etmək,
hüquqlarının müdafiəsini tələb etmək və qanuni yollarla öz mövqeyini ifadə etmək imkanları da
konstitusion təminatların tərkib hissələrindəndir. Bu baxımdan ali konseptual sənəd hesab edilən,
Konstitusiya insanla dövlət arasında münasibətlərin hüquqi çərçivəsini müəyyən edir: dövlətin
vəzifələrini göstərir, vətəndaşın hüquqlarını, azadlıqlarılnı tanıyır və həmin hüquq və azadlıqlara
hörmət edilməsini tələb edir.
Ailənin, uşaqların dövlət təminatında olmasının, təhsilə dövlət dəstəyinin önəminin
Konstitusiyada ayrıca yer tutması təsadüfi deyil. Ailə cəmiyyətin təməl özəyi kimi dövlətin xüsusi
himayəsindədir, bu da o deməkdir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək
valideynlərin borcu olmaqla yanaşı, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət şəxsən nəzarət
edir. Hər bir vətəndaşın təhsil almaq hüququnun təsbit olunması isə gələcəyin insan kapitalının
inkişafına verilən dəyərin hüquqi ifadəsidir. Bu müddəalar dövlət məktəbəqədər təhsil
müəssisələrindən başlayaraq bütün təhsil sahəsində çalışanların fəaliyyətinə də mənəvi məsuliyyət
yükləyir: uşağın təhlükəsizliyi, ləyaqəti, inkişafı və bərabər imkanları gündəlik işin əsas meyarı
olmalıdır. Hüquqa hörmət ilk olaraq ailədə, məktəbdə və cəmiyyətin hər bir mühitində formalaşır.
2
Azərbaycan Respublikasının ali qanunvericilik aktı hesab edilən Konstitusiya vətəndaşa və
vətəndaşlığı olmayan şəxslərə geniş hüquq və azadlıqlar tanıyır, eyni zamanda həmin hüquqların
cəmiyyət və digər insanlar qarşısında məsuliyyətlə müşayiət olunduğunu bildirir. Hər kəsin
hüququna hörmətlə yanaşmaq, qanunlara riayət etmək, ictimai əmlaka və milli-mənəvi irsə qayğı ilə
yanaşmaq hüquqi mədəniyyətin gündəlik təzahürlərindəndir. Həm iqtisadi, həm də fizioloji haxımdan
güclü hüquqi dövlət yalnız mükəmməl qanunlarla deyil, həmin qanunların hamı tərəfindən eyni
dərəcədə qəbul edilməsi və tətbiqi ilə möhkəmlənir. Bu səbəbdən Konstitusiyanı bilmək, onun
maddələrində əks olunmuş prinsipləri gündəlik davranışa çevirmək hər birimizin vətəndaşlıq
borcudur.
Daim dəyişməkdə, inkişaf etməkdə olan cəmiyyət, yeni ictimai münasibətlər və idarəçilik
ehtiyaclarını meydana çıxarı. Konstitusiya da qanunvericilikdə nəzərdə tutulmuş qaydalarda, xalqın
iradəsinə və milli şüuruna əsaslanan referendumlar vasitəsilə yenilənir. Bu səbəbdən xalqın rifahı
naminə Azərbaycan Respublikasının Konstitusiyasına 24 avqust 2002-ci, 18 mart 2009-cu və 26
sentyabr 2016-cı il referendumları ilə əlavə və dəyişikliklər edilmişdir. Bu tarixlər ölkənin hüquqi
sisteminin inkişaf perspektivlətini əks etdirir. Dəyişikliklərin həcmindən və məzmunundan asılı
olmayaraq, əsas prinsip dəyişməz qalır: dövlətin fəaliyyəti hüquqa söykənməli, insan və vətəndaş
hüquq və azadlıqları qorunmalı, xalqın iradəsi dövlətçiliyin əsas dayağı, mayası olmalıdır.
12 Noyabr — Konstitusiya Günü yalnız tarixi əhəmiyyət kəsb edən bir hadisəni xatırlamaq üçün
deyil, hüquqi dövlət quruculuğunda hər kəsin üzərinə düşən məsuliyyəti yenidən dərk etmək, hüquqi
idarəetmədə iştirak etmək üçün də əlamətdar gündür.. Konstitusiyaya hörmət dövlətə, cəmiyyətə,
xalqa, vətəndaşa və insana hörmət deməkdir. Bu sənədin prinsiplərini yaşatmaq, onun bütövlüyün
təmin etmək, hüquqlarımızı bilmək, vəzifələrimizi yerinə yetirmək və gələcək nəsillərdə hüquqi
düşüncəni formalaşdırmaq müstəqil Azərbaycanın davamlı inkişafına xidmət edən ümumi
vəzifəmizdir.