Xarici İşlər naziri Ceyhun Bayramov çox həssas məqamda qardaş ölkəyə səfərə yollanır. Baş diplomatımızın Türkiyə səfəri bir neçə istiqamət üzrə önəmlidir.
Birincisi, son zamanlar Ermənistanın silahlandırılması regionda sülhə olan təhdidi daha da artırır.
Bu, indiki məqamda Azərbaycanla yanaşı, Türkiyə və Rusiyanın da maraqlarına təhdiddir.
İkincisi, Şimali Kipr Türk Respublikasının müstəqilliyinin Azərbaycan tərəfindən tanınması məsələsi masa üzərindədir.
Çox güman ki, Ankara və Bakı bu məsləhətləşmələrdə son aşamaya qədəm qoyur. Üçüncüsü, Fransanın simasında Qərbin bu regiona təhdidləri daha da artmaqdadır.
Bu önəmli təhlükəsizlik məsələsi ilə bağlı iki qardaş və müttəfiq ölkənin ciddi məsləhətləşmələrinə ehtiyac var.
Digər məsələ embarqo altında çabalayan Rusiya neftinin, qazının Azərbaycan və Türkiyə vasitəsi ilə dünya bazarına çıxarılması da gündəmdədir.
Çox güman ki, prezident Putinin Bakı qovluğunda bu məsələ də olub. Ona görə də Bakı Ankaranın bu məsələdəki mövqeyi ilə tanış olmalıdır.
Başqa bir nüans isə Ukrayna-Rusiya savaşı ilə bağlı Bakı və Ankaranın birgə vasitəçilik missiyasıdır.
Çox güman ki, ilin sonundan etibarən Şərqi Avropa cəbhəsində sülh gündəlikləri və sülhə gedən yol müzakirəyə çıxarılacaq.
Bu baxımdan, Bayramov türkiyəli həmkarının mövqeyini öyrənməyə çalışacaq. Unutmamalıyıq ki, Bakı və Ankara vahid diplomatik xəttin iki çoxistiqamətli vektorudur.
Sona Əliyeva
V çağırış Milli Məclisin deputatı