Ərəbistanın "Acwa Power" şirkəti Azərbaycanda bərpa olunan enerji layihələrinə 5 mlrd. dollara yaxın sərmayə yatırmağı planlaşdırır.
Onews.az-ın verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı "Acwa Power" şirkətinin regional direktoru Abid Malik bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda dənizdə bərpa olunan enerjini inkişaf etdirmək niyyətindədir.
Abid Malik onu da qeyd edib ki, Azərbaycanda həm boyük bərpa olunan enerji potensialı və əlverişli investisiya mühiti var, həm də ki, istehsal edilən elektrik enerjisini Avropaya ixrac etmək perspektivləri mövcuddur. Bu kontekstdə “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihəsinin həyata keçməsi çox vacibdir.
Şirkət nümayəndəsinin sözlərinə görə, hazırda "Acwa Power" SOCAR ilə neft-kimya müəssisələrinin dekarbonizasiyası sahəsində əməkdaşlıq edir.
Abid Malik qeyd olunan layihə çərçivəsində bu yaxınlarda texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına start veriləcəyinə ümid etdiyini bildirib.