"Şəmkir rayonunun Ağlavaşlı kəndinə sonuncu dəfə 39 il əvvəl yol çəkilib. Doğulduğum kəndə birinci və axırıncı dəfə yol çəkiləndə hələ SSRİ dağılmamışdı. Dəfələrlə kənd camaatı"Azəravtoyol"a kəndə aparan əsas asfalt yolun yenilənməsi ilə bağlı müraciət ünvanlayıblar. Amma hələ də müsbət bir cavab yoxdur".Bunu
Onews.az-a Prezident təqaüdçüsü, şair-publisist
Tural Turan deyib.
Tural Turanın sözlərinə görə, Şəmkirin Ağlavaşlı kəndinə sonuncu dəfə asfalt yol örtüyü 1985-ci ildə çəkilib:
"O vaxtdan 39 il keçib. Həmin asfalt yoldan əsər-əlamət qalmayıb. Dəfələrlə özüm də aidiyyatı qurumlara müraciət ünvanlamışam. Hər dəfə bildiriblər ki, plana salınıb, yol çəkiləcək. Amma hələ də bir nəticə yoxdur. Bizim kəndə yol çəkiləndə SSRİ-də ölkə başçısı Mixail Qorbaçov, Azərbaycanda isə rəhbər Kamran Bağırov idi. Sonra müstəqillik qazandıq, dörd ölkə rəhbəri dəyişdi. 30 il keçməsinə baxmayaraq, Ağlavaşlı kəndinə yol çəkilməyib. Ağlavaşlı İnzibati Ərazi Vahidliyində 3500-dən çox adam yaşayır. Kəndin nə Şəmkir, nə də Gəncə istiqamətinə açılan yolları işlək vəziyyətdədir. İnsanlar əziyyət çəkirlər. Bu ucqar kənd yolu təxminən 15-20 min insanın yaşadığı yaşayış məntəqələrindən keçir. Taksilər belə bu kəndə getmək istəmirlər. Çünki yolların vəziyyəti bərbad durumdadır. 5-7 manatlıq yolu ikiqat, üçqat qiymətə gedirlər. Azərbaycan dövləti 3-4 min insanın yaşadığı bir kəndə yol çəkə bilməyəcək qədər acizdir, ya bu hansısa aidiyyatı qurumun səhlənkarlığının nəticəsidir? Ölkə başçısı cənab İlham Əliyevə müraciət edərək bu məsələni diqqətdə saxlamağı xahiş edirəm. Son ümidimiz müzəffər Ali Baş Komandanadır".
Elgiz