Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşü Türk dünyasında təhlükəsizlik, siyasi həmrəylik və çoxtərəfli əməkdaşlıq məsələlərinin aktuallığını bir daha nümayiş etdirib. Sentyabrın 17-də keçirilən görüşdə TDT qarşısında dayanan vəzifələr, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın perspektivləri, regionda və dünyada baş verən proseslər, eləcə də müasir təhlükəsizlik çağırışları müzakirə olunub.
Prezident İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının son illərdə mühüm inkişaf yolu keçdiyini və beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutduğunu bildirib. 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə əsası qoyulan təşkilat ötən dövrdə üzv dövlətlər arasında əlaqələrin möhkəmlənməsi üçün mühüm platformaya çevrilib. TDT-nin gündəliyində artıq yalnız mədəni və humanitar məsələlər deyil, siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik istiqamətləri də mühüm yer tutur.
Dövlət başçısının çıxışında əsas diqqət TDT-nin beynəlxalq arenadakı rolunun və nüfuzunun artırılmasına yönəlib. Bu məqsəd üçün təşkilatın böyük potensialı mövcuddur. Türk dövlətlərini birləşdirən ortaq tarixi və mədəni dəyərlər, geniş coğrafiya, iqtisadi imkanlar, enerji resursları, nəqliyyat infrastrukturu və strateji mövqe TDT-nin beynəlxalq çəkisinin artırılması üçün mühüm zəmin yaradır.
Müasir dünyada müxtəlif regionlarda münaqişələrin və qarşıdurmaların davam etdiyi bir şəraitdə təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır. Terrorizm, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, kibertəhlükələr və informasiya müharibələri kimi təhdidlərin sərhəd tanımaması dövlətlər arasında əməkdaşlıq və koordinasiyanı zəruri edir. Bu baxımdan Türk dövlətlərinin təhlükəsizlik strukturları arasında əlaqələrin gücləndirilməsi mühüm istiqamətlərdən biridir.
Görüşdə enerji və nəqliyyat təhlükəsizliyi də diqqət mərkəzində olub. Azərbaycan əlverişli coğrafi mövqeyi, enerji layihələri və beynəlxalq nəqliyyat dəhlizləri ilə Türk dövlətləri arasında iqtisadi və strateji əlaqələrin inkişafında mühüm rol oynayır.
Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi üzərindən Azərbaycan, daha sonra Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan marşrut beynəlxalq nəqliyyat sistemində mühüm istiqamətlərdən birinə çevrilib. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər müasir infrastruktur layihələri Şərqlə Qərb arasında əlaqələrin gücləndirilməsinə xidmət edir. Orta Dəhliz həmçinin Türk dünyasının müxtəlif coğrafiyalarını bir-birinə daha sıx bağlayaraq ticarət və iqtisadi əlaqələrin genişlənməsinə imkan yaradır.
TDT-nin gücünü artıran əsas amillərdən biri də üzv ölkələri birləşdirən ortaq tarixi, mədəni və mənəvi dəyərlərdir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış tarixi bağlar, ortaq dil, adət-ənənələr və mədəniyyət qarşılıqlı anlaşma və əməkdaşlıq üçün möhkəm təməl yaradır.
Prezident İlham Əliyev TDT məkanının müxtəlif regionların kəsişməsində yerləşməsinin onun geosiyasi əhəmiyyətini artırdığını bildirib. Ətraf regionlarda baş verən proseslər isə Türk dövlətlərinin təhlükəsizlik məsələlərinə daha həssas yanaşmasını tələb edir. Azərbaycan beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipinə əsaslanan təhlükəsizlik sistemini dəstəkləyir.
TDT daxilində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə və məlumat mübadiləsinin artırılması, müasir təhdidlərin birgə qiymətləndirilməsi, terrorizm və ekstremizmə qarşı mübarizə, eləcə də kibertəhlükəsizlik üzrə əlaqələrin inkişafı ümumi təhlükəsizlik mühitinin möhkəmləndirilməsinə xidmət edə bilər.
Türk Dövlətləri Təşkilatının inkişafında Azərbaycan xüsusi fəallıq nümayiş etdirən ölkələrdəndir. Prezident İlham Əliyevin təşəbbüsləri Türk dövlətləri arasında siyasi dialoqun və qarşılıqlı əlaqələrin gücləndirilməsinə töhfə verir. Türk dövlətləri liderlərinin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanması da bu istiqamətdə mühüm addımlardan biridir. Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının siyasi dialoqu baxımından əhəmiyyətli hadisə olub.
Azərbaycanın TDT üzv dövlətləri ilə ikitərəfli münasibətləri də təşkilat çərçivəsində əməkdaşlığın əsas dayaqlarındandır. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərinə malikdir. Qazaxıstan, Qırğızıstan və Özbəkistanla əlaqələr də strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Bu münasibətlər siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, təhsil və mədəniyyət sahələrini əhatə edir.
Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılan birgə investisiya mexanizmləri də iqtisadi əlaqələrin dərinləşməsinin göstəricisidir. Qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin həyata keçirilməsi Türk dövlətlərinin iqtisadi potensialının daha səmərəli şəkildə birləşdirilməsinə imkan yaradır.
TDT-nin gələcək inkişafı təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji, rəqəmsal texnologiyalar, humanitar əlaqələr və siyasi əməkdaşlığın paralel şəkildə inkişaf etdirilməsini tələb edir. Bu istiqamətlərin hər biri təşkilatın ümumi gücünün formalaşmasına təsir göstərir.
Hazırkı geosiyasi reallıqlar Türk dövlətlərinin daha sıx əməkdaşlığını zəruri edir. Dünyada siyasi və iqtisadi mərkəzlərin dəyişdiyi, təhlükəsizlik arxitekturasının yeniləndiyi və qlobal rəqabətin gücləndiyi bir şəraitdə Türk dünyasının öz potensialını birgə şəkildə ortaya qoyması strateji əhəmiyyət daşıyır.
Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat və enerji bağlantılarının üzərində yerləşməsi, Türk dövlətləri ilə sıx siyasi və iqtisadi əlaqələri, həmçinin regional təhlükəsizlik istiqamətində həyata keçirdiyi siyasət TDT daxilində rolunu gücləndirir.
Prezident İlham Əliyevin təhlükəsizlik üzrə rəhbər şəxslərlə görüşü bir daha göstərdi ki, Türk dövlətləri arasında əməkdaşlıq artıq yalnız siyasi və mədəni əlaqələrlə məhdudlaşmır. Təhlükəsizlik, iqtisadi inteqrasiya, enerji və nəqliyyat layihələri, investisiya əməkdaşlığı və beynəlxalq məsələlər üzrə koordinasiya təşkilatın fəaliyyətində getdikcə daha böyük yer tutur.
Türk Dövlətləri Təşkilatının qarşısında geniş perspektivlər var. Üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı etimadın və siyasi iradənin daha da gücləndirilməsi TDT-nin beynəlxalq sistemdə çəkisinin və təsir imkanlarının artmasına şərait yarada bilər. Türk dövlətlərinin mövcud potensialını əməkdaşlıq və koordinasiya yolu ilə birləşdirməsi həm üzv ölkələrin maraqlarına, həm də Avrasiya məkanında sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın möhkəmlənməsinə xidmət edə bilər.
Göyüş Göyüşov
YAP Nərimanov rayon təşkilatının fəalı