44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və rəşadətli Ordumuzun rəşadəti sayəsində şanlı zəfər salnaməsi kimi tariximizə həkk olundu. Vətən müharibəsinin 21-ci günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində illərdir gözlənilən müjdəli xəbəri verdi: Füzuli şəhəri işğaldan azad edildi. Şəhərlə birlikdə rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də azadlığa qovuşdu. Beləliklə, 27 il Ermənistan silahlı qüvvələrinin işğalı altında qalan Füzulinin həsrəti sona çatdı.
Füzuli əməliyyatı İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində aparılan ən mühüm və həlledici döyüşlərdən biri idi. Təmas xəttində otuz ilə yaxın müddətdə qurulmuş çoxqatlı mühəndis-istehkam xətləri şəhərin azad edilməsini xeyli çətinləşdirirdi. Lakin Ordumuz bu xətləri yararaq təkcə Füzulini deyil, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra strateji yaşayış məntəqələrini də azad etdi.
Füzuli tarixən Qarabağın mədəniyyət və tarixi-dini irs mərkəzlərindən biri olmuşdur. Rayonun 1959-cu ildə dahi şair Məhəmməd Füzulinin adını alması da bu zəngin irsə verilən dəyərin ifadəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş şəhərlərin günləri təsis olunub və 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyənləşdirilib. Bu tarix bu gün həm hərbi və siyasi Zəfərimizin, həm də ondan sonra başlanan böyük quruculuğun və Böyük Qayıdışın rəmzidir.
Müharibə başa çatan kimi Füzuli Qarabağda bərpa işlərinin əsas ünvanlarından birinə çevrildi. Dövlət başçısının Dövlət başçısının Füzuliyə reallaşdırdığı 20-dən artıq səfər çərçivəsində təməli qoyulan və istifadəyə verilən hər bir obyekt rayonun sürətli inkişaf dinamikasını əks etdirir. Nazirlər Kabinetinin 18 mart 2023-cü il tarixli qərarı ilə "Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqlənmişdir.
Bu yolda ilk böyük addım hava limanı oldu. 2021-ci il oktyabrın 26-da Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş ərazilərdə tikilən ilk hava limanının, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdilər. Bu gün "Qarabağın hava qapısı" adlandırılan hava limanı ilə yanaşı Zəfər yolu, Əhmədbəyli–Füzuli–Şuşa və Füzuli–Hadrut avtomobil yolları da istifadədədir. Rayonda "Füzuli" yarımstansiyası, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, eləcə də Köndələnçay su anbarları kompleksi işə salınıb.
Yeni Füzulidə uşaqların təhsilinə və inkişafına xüsusi diqqət ayrılır. Özbəkistan Respublikası tərəfindən inşa olunan Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə doğma yurda qayıdan ailələrin övladları müasir şəraitdə təhsil alır.
Qazaxıstan Respublikası tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi isə 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılıb. Bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağı kimi xüsusi əhəmiyyət daşıyır.
Füzuli şəhəri gününü xüsusi edən isə ən çox insanların geri dönüşüdür. Keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı 2023-cü il avqustun 18-də başlayıb və o vaxtdan köç karvanları ardıcıl davam edir. Ata-baba torpağında yeni evə köçmək bu insanlar üçün həm də mənəvi bərpadır. Dövlətin öz vətəndaşına göstərdiyi qayğı burada ən aydın şəkildə görünür. Böyük Qayıdışın növbəti mərhələlərində Füzuli şəhərinə və rayonun yenidən qurulan kəndlərinə daha minlərlə insanın qayıdacağı nəzərdə tutulur.
Cənab Prezident İlham Əliyev oktyabrın 14-də "Rebuild Garabagh" sərgisinin iştirakçılarına müraciətində 44 günlük müharibədə qazanılan Zəfərin Qarabağ və Şərqi Zəngəzur üçün yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayıb. Dövlət başçısının sözlərinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində indiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 25,5 milyard manat ayrılıb.
17 oktyabr təqvimdə sadəcə bir tarix deyil. Bu gün xalqımızın birliyinin, dövlətimizin hərbi zəfərinin, iqtisadi qüdrətinin və qurucu xalq olmasının təntənəsidir. Füzuli Şəhəri Günündə azadlıq uğrunda canından keçən şəhidlərimizi ehtiramla anır, qazilərimizə minnətdarlığımızı bir daha ifadə edirik!
Cavid Bağırov
Strateji planlaşdırma və koordinasiya sektorunun mütəxəssisi
YAP Nərimanov rayon Təşkilatının fəal üzvü