Onews.az şair-publisist, Prezident təqaüdçüsü Tural Turanın "Diriliş - Turan" poetik-mifik kompozisiyasını təqdim edir:
Diriliş - Turan
(Poetik-mifik kompozisiya)
Yenə işıldayır çolpanın* şamı,
Kimlərsə sevinir göyün üzündə.
Buluddan köçünü çəkən axşamın,
Sökülür ləkəsi Ayın üzündən.
Yenə nal səsilə açılır səhər!
Yoxuşu gərnəşir bozqır çöllərin.
Hardasa darıxır islanmış yəhər,
Köçünə hələ var, ağır ellərin?!.
Danyeri oyanır təklik himninə -
Döyür göy üzünü yalquzaq səsi.
Yovşan qoxusunu geyir əyninə,
Üzünü axtaran öz uzaq səsim!
Səma yaşmağını açır üzündən,
Günəş işığını öpür alaçıq.
Yenə bozqırların qapısı açıq,
Savaş gülümsəyir ayaq izindən...
...Andlar qol götürür toy çadırında,
Dualar oynayır, alğış oynayır.
Təzə birlik doğur bəy çadırında,
Buludun üstündə yağış oynayır.
Çözülür düyünü əski ağ sacın,
Bozqırla barışır küsülü buta!
Açır çiçəyini şaman ağacı,
Qoxusu yüksəlir bizim boyuta!..
Azan səsi minarədən göz vurur,
Bənizi ağaran kilsə zənginə!
Acun* savaşına kimsə söz vurur,
İşarə eyləyir Turan cənginə!
Ocağı çatılır Tanrıdağın da;
(Alınyazısının istisinə bax!)
Qurdlar ova çıxır öz oyuğundan -
Səsinə diksinir yuxulu bayraq!
Yenə ağrıların yanağı soluq,
Suç öz kölgəsinə hayqırır: kiri!
İtkin ayaq izi qayıdır geri,
Beləcə başlayır böyük yolçuluq...
Oyanır yaddaşı Ayın, Günəşin -
Külək təslim olur, diz çökür boran!
Qıcanır yağıya qurdun süd dişi,
Körpə gülüşündə qurulur Turan!
7 may 2026,
Şəmkir, Ağlavaşlı
*çolpan - qütb ulduzu
*acun - dünya
Quruluş - Turan
...Turan rənglərinə bürünür cahan;
Bir yaz havasında Turan qurulur!
Uşaq davasında Turan qurulur!
Sərçə yuvasında Turan qurulur!
...Biçarə gedişat axı, neyləsin?
Özgə rənglərində sürünür cahan...
Turan - Tanrıdağa iməkləyən yol!
(Tanrı, Turan üçün bir də çox sağ ol!)
...Sökülür dünyanın əski düzəni!
Tanrı da Turana çağırır məni!
Nal notu duyulur azan səsində,
Bu yeni düzənin təranəsində!
...Göy Bayraq ucalır Qaraqorumda,
Kərkükdə, Ufada, şanlı Kırımda...
Ucalır Gəncədə Turan avazı!
Çıxır köynəyindən Borçalı sazı,
Birliyə çağırır "Yanıq Kərəmi" -
Silir yaddaşından kədəri, qəmi!
Bu səhər Komrat da gözündən gülür,
Turan köynəyini geyir Qaqauz!
Dunay dalğasından butalar hörür,
Kürək-kürəyədi Qıpçaqla Oğuz!
Bişkekdə sökür qış çadırları,
Yaddaşı tozlanmış düş çadırları!
Daşkənd Ərdəbilə salam göndərir,
Babək əsən yelə kəlam göndərir;
Teymur Bəyazidə -ah... bu ah - deyir -
Çıxır canımızdan bu günah deyir...
Çiçəklər içində gülür Astana,
Turanın Birliyi dönür dastana!
Yenə küllərindən doğur Aşqabad;
Türkmən bəylərinin könülləri şad...
Təbrizdən Dərbəndə çatılır ocaq
Urmu Göyçəgölə açır min qucaq!
Urumçidən Vana yollar çəkilir
Turandan baxanda dünya kiçilir...
Yenə Lefkoşada, Priştinada
Körpələr söyləyir Turan marşını!
Dünya zalımların atır daşını;
Turan nədir? - deyə, soruşur noqay,
Tuva cavab verir: Zalım dünyada,
Ruhu kirlənməmiş ən özgür ada!
...Fəqət, narahatdı bəşər şeytanı,
Turanın önündə acizdir gücü!
Başsız ilanların ulduzu yanır -
Bilir, amansızdı Türklüyün öcü!..
Gülür dilənçilər, əlindən gülür;
Bülbüllər gül üstə dilindən gülür.
Turan vətəndaşı olur göy üzü;
Qayıdır özünə huşun key üzü...
8 may 2026, Şəmkir
Tural Turan