Onews.az gənc yazar Günay Mirinin “Yarımçıq şeir”ini təqdim edir:
***
Yarımçıq şeir
Yarımçıq oxuduğum şeirlərin
ahı tutub məni, Allah.
Yarıda qoyma məni…
Hər şeirin görünməyən
bir davamı var.
İnsan bəzən bir misrada
özündən əvvəlki ömrünü,
özündən sonrakı taleyini görür.
Haradan xatırlasam, bəxtimi
oradan da yazarsan.
Qismətimi
yarım qalan misraların
arasından keçir.
Son sözümü
vaxtın yaddaşına həvalə etmə.
Mənim payıma düşən ömrü
bir az da göylərin yaddaşına yaz.
Yarıda qoyma məni, Allah —
mən hələ
özümə çatmamışam.
Günay Miri