Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Birmənalı şəkildə qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident İlham Əliyevin çıxışı ölkənin yeni tarixi şəraitdə inkişaf istiqamətlərinin təqdimatı kimi diqqət çəkir. Çıxışda Azərbaycanın son onilliklərdə keçdiyi yol, əldə olunan nəticələr, dəyişən regional və beynəlxalq mənzərə, eləcə də gələcək üçün müəyyənləşdirilən hədəflər bir-biri ilə əlaqəli şəkildə təhlil olunur.
Eyni zamanda, burada əsas məqam ondan ibarətdir ki, Zəfər Azərbaycanın tarixində mühüm bir səhifəni başlasa da, qarşıda daha böyük məsuliyyət və yeni vəzifələr dayanır.
Ən əsası, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni mərhələdə qarşıda duran əsas hədəfləri müəyyənləşdirən siyasi platforma kimi diqqəti çəkməkdədir.
YAP-ın VIII qurultayının siyasi əhəmiyyəti də məhz bu məqamla bağlıdır. Partiyanın yaradılmasının 34-cü ildönümünə yaxın dövrdə keçirilən qurultay müstəqil Azərbaycanın siyasi tarixinin müxtəlif mərhələlərinə nəzər salmaq, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xəttinin davamlılığını və yeni şəraitdə qarşıya çıxan çağırışları dəyərləndirmək baxımından xüsusi məna daşıyır. 1992-ci ilin noyabrında Naxçıvanda, ölkənin ağır siyasi, iqtisadi və hərbi böhran yaşadığı bir vaxtda yaradılan Yeni Azərbaycan Partiyası həmin dövrdə cəmiyyətdə sabitlik və güclü dövlət idarəçiliyi tələbinin siyasi ifadəsinə çevrilmişdi. Azərbaycanın müstəqilliyinin təhlükə altında olduğu, torpaqlarımızın işğal edildiyi, daxili qarşıdurmanın dövlətçiliyi sarsıtdığı şəraitdə Heydər Əliyevin siyasi səhnəyə qayıdışı ölkənin gələcək inkişafında həlledici rol oynadı.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması və Yeni Azərbaycan Partiyasının yaradılması xalqın tələbi idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin əsasları möhkəmləndirildi, ictimai-siyasi sabitlik təmin olundu, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün mühüm zəmin yaradıldı. Formalaşdırılan siyasi kurs sonrakı dövrdə də davam etdirilərək ölkənin iqtisadi, hərbi və siyasi potensialının gücləndirilməsinə xidmət etdi. Bu siyasətin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfərdən sonra fəaliyyətini qarşıya qoyulan strateji məqsədlərə yönəldən Azərbaycan 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyini tam təmin etdi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi”. Bu, ən yeni tariximizin parlaq faktıdır.
Beləliklə, Azərbaycanın qarşısında yeni inkişaf mərhələsi açıldı. Bu mərhələdə əsas vəzifələrdən biri əldə edilmiş tarixi nəticələrin qorunması, təhlükəsizlik imkanlarının və hərbi potensialın daha da gücləndirilməsidir. Müasir dünyada geosiyasi proseslərin sürətlə dəyişməsi və təhlükəsizlik çağırışlarının artması güclü ordunun və etibarlı müdafiə sisteminin dövlət müstəqilliyinin əsas təminatlarından biri olduğunu göstərir.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət həmin strateji xəttin yeni dövrün tələblərinə uyğun davam etdirilməsi və zənginləşdirilməsi ilə xarakterizə olunur.
Digər tərəfdən, ölkənin iqtisadi potensialının artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, müasir ordu quruculuğu və diplomatik imkanların genişləndirilməsi uzunmüddətli dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Bu prosesin ən mühüm nəticəsi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi oldu. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə yalnız hərbi uğur deyildi; o, onilliklər ərzində aparılmış dövlət quruculuğunun, iqtisadi güclənmənin, diplomatik fəaliyyətin və milli həmrəyliyin nəticəsi idi. 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası isə bu tarixi prosesin mühüm yekun mərhələsini təşkil etdi. Prezidentin qurultaydakı çıxışında da vurğulanan əsas məsələlərdən biri budur ki, əldə olunmuş nəticələri qorumaq, yeni təhlükəsizlik mühitinə uyğunlaşmaq və dövlətin müdafiə qabiliyyətini daim gücləndirmək zəruridir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın gələcək inkişafı baxımından da strateji əhəmiyyət daşıyır. Bu ərazilər ölkənin iqtisadi xəritəsinə yenidən inteqrasiya olunmalı, kənd təsərrüfatı, turizm, sənaye və xidmət sahələrində potensial reallaşdırılmalıdır. Müasir şəhərsalma prinsipləri, ağıllı kənd və şəhər layihələri, yaşıl enerji imkanları həmin bölgələrin gələcək inkişaf modelini müəyyənləşdirən amillərdir. Ən başlıcası isə qayıdışın davamlı olması, insanların orada yalnız məskunlaşması deyil, öz gələcəklərini də qurmasıdır.
Onu da qeyd etmək lazımdır ki, YAP-ın VIII qurultayında səsləndirilən fikirlər də Azərbaycanın qarşısında duran vəzifələrin məhz bu qarşılıqlı bağlılıq kontekstində dəyərləndirilməsini tələb edir. Partiyanın qarşısında duran məsuliyyət yalnız siyasi fəaliyyətlə məhdudlaşmır; cəmiyyətlə canlı əlaqə, insanların problemlərinin öyrənilməsi, dövlət siyasətinin mahiyyətinin izahı və ictimai təşəbbüslərin dəstəklənməsi də bu fəaliyyətin mühüm istiqamətləri olmalıdır. Əminliklə deyə bilərik ki, son qurultayda qarşıya qoyulan vəzifələrin öhdəsindən vahid komanda olaraq layiqincə gələcəyik.