Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri cənab İlham Əliyevin nitqi ölkənin qarşısında dayanan yeni mərhələnin əsas prioritetlərini aydın şəkildə müəyyənləşdirdi. Dövlət suverenliyinin və ərazi bütövlüyünün tam təmin olunmasından sonra keçirilən qurultayda əsas diqqət artıq yalnız əldə edilmiş tarixi Zəfərin nəticələrinə deyil, bu nəticələrin yaratdığı imkanların qorunmasına, Azərbaycanın gücünün daha da artırılmasına və uzunmüddətli inkişafın təmin edilməsinə yönəldi. Cənab Prezidentin çıxışından aydın görünən əsas məqam ondan ibarətdir ki, qarşıdakı dövr Azərbaycan üçün təkcə quruculuq mərhələsi deyil, həm də əldə olunan nailiyyətlərin möhkəmləndirilməsi, dövlətin potensialının yeni istiqamətlər üzrə genişləndirilməsi mərhələsidir. Bu baxımdan qarşıda duran vəzifələr bir-birindən təcrid olunmuş məsələlər deyil. Hərbi qüdrətin artırılması, milli təhlükəsizliyin təmin edilməsi, ideoloji dayanıqlığın gücləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və Böyük Qayıdış prosesi vahid dövlət strategiyasının bir-birini tamamlayan istiqamətləridir.
Müasir dünyada geosiyasi mənzərənin sürətlə dəyişməsi, ayrı-ayrı bölgələrdə müharibə və qarşıdurmaların davam etməsi təhlükəsizlik məsələsini bütün dövlətlər üçün əsas prioritetlərdən birinə çevirir. Cənab Prezident də qurultaydakı nitqində hərbi potensialın daha da gücləndirilməsini qarşıdakı əsas vəzifələr sırasında göstərdi. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan sülhün tərəfdarı olmaqla yanaşı, öz milli təhlükəsizliyini və maraqlarını etibarlı şəkildə müdafiə etməyə imkan verən gücə sahib olmalıdır. Nitqdə Azərbaycanla Ermənistan arasında artıq münaqişənin olmadığı, sərhədlərdə sabitliyin hökm sürdüyü, sülh müqaviləsinin paraflandığı və tərəflər arasında təmasların davam etdiyi qeyd edildi. Lakin mövcud siyasi şərait müdafiə imkanlarının zəiflədilməsi üçün əsas yaratmır. Əksinə, beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər dövlətin müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanmasını zəruri edir. Bu məqsədlə gələn ilin dövlət büdcəsində hərbi və təhlükəsizlik sahələrinə təxminən 9 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Cənab Prezidentin diqqətə çatdırdığı kimi, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, sosial layihələrin həyata keçirilməsi və digər mühüm istiqamətlər böyük əhəmiyyət daşısa da, dövlət ilk növbədə öz təhlükəsizliyini təmin etməlidir. Çünki təhlükəsizliyin olmadığı şəraitdə digər layihələrin davamlılığından danışmaq mümkün deyil. Beləliklə, yeni mərhələnin mühüm dayaqlarından biri əldə edilmiş hərbi üstünlüyün qorunması və müdafiə gücünün bundan sonra da artırılmasıdır.
Qurultayda diqqət çəkən digər mühüm məsələ ideoloji təhlükəsizliklə bağlı oldu. Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır. İnternetin, sosial şəbəkələrin, kiberhücumların və süni intellekt texnologiyalarının sürətlə inkişaf etməsi informasiya məkanında yeni reallıqlar yaradıb. Belə bir şəraitdə informasiya və ideoloji təhlükəsizlik milli təhlükəsizliyin mühüm tərkib hissəsinə çevrilir. Cənab Prezident məhz bu səbəbdən ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu vurğuladı. Bu istiqamətdə əsas vasitələr kimi isə təhsil və vətənpərvərlik ön plana çəkildi. Savadlı, məlumatlı və tənqidi düşünmə qabiliyyətinə malik cəmiyyət yanlış məlumatlara, saxta xəbərlərə, şayiələrə və müxtəlif ideoloji təsirlərə qarşı daha davamlı olur. Bu yanaşma dövlət təhlükəsizliyinin müasir məzmununu da ortaya qoyur. Çünki milli düşüncənin, tarixi yaddaşın və dövlətçilik dəyərlərinin qorunması artıq təhlükəsizlik siyasətinin ayrılmaz hissəsidir.
Bu kontekstdə Yeni Azərbaycan Partiyasının qarşısında dayanan ideoloji və ictimai-siyasi vəzifələr də yeni məzmun qazanır. İdeoloji fəaliyyətin yalnız formal tədbirlərlə məhdudlaşmaması, şablon yanaşmalardan uzaqlaşdırılması, müasir kommunikasiya və informasiya imkanlarından daha səmərəli istifadə edilməsi qarşıdakı dövrün əsas tələblərindən biri kimi çıxış edir. Azərbaycan həqiqətlərinin cəmiyyətə, xüsusilə də gənc nəslə daha düzgün, dolğun və müasir üsullarla çatdırılması milli ideoloji dayanıqlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan YAP-ın fəaliyyəti də ölkənin yeni inkişaf mərhələsinin tələblərinə uyğun şəkildə yenilənməlidir.
Azərbaycanın son illərdə həyata keçirdiyi balanslı və çoxşaxəli xarici siyasət də yeni mərhələnin mühüm dayaqlarından biridir. Cənab Prezident nitqində Azərbaycanın müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə əlaqələr qurması, milli maraqlarını qoruması və hər hansı siyasi düşərgəyə qoşulmaması məsələsinə xüsusi diqqət yetirdi. Bu siyasətin nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib və ölkənin müxtəlif platformalarda iştirakı genişlənib. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi, D-8 təşkilatına üzvlüyü, Avropa İttifaqına daxil olan bir sıra dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bunun göstəricilərindəndir. Eyni zamanda, Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin, ABŞ ilə isə Strateji Xartiyanın imzalanması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu göstərən mühüm addımlar kimi qiymətləndirilir.
Burada əsas məsələ yalnız Azərbaycanın əlaqələrinin coğrafiyasının genişlənməsi deyil. Daha mühüm məqam müxtəlif tərəfdaşlarla münasibətlər qurarkən ölkənin öz milli maraqlarını qorumaq və müstəqil siyasət həyata keçirmək imkanlarının genişlənməsidir. Bu isə mürəkkəb və dəyişkən geosiyasi şəraitdə Azərbaycanın manevr imkanlarını artırır. Cənab Prezidentin “sözümüz imzamız qədər dəyərlidir” fikri də məhz beynəlxalq münasibətlərdə etimadın əhəmiyyətini ifadə edir. Azərbaycanın qazandığı siyasi etibar qarşıdakı dövrdə yalnız diplomatik üstünlük kimi deyil, həm də iqtisadi əməkdaşlıq, enerji layihələri, nəqliyyat əlaqələri və investisiyaların cəlb edilməsi baxımından mühüm strateji resurs kimi çıxış edir.
Qurultayda Azərbaycanın gələcək inkişaf perspektivləri ilə bağlı iqtisadi və maliyyə sabitliyi məsələsinə də xüsusi diqqət ayrıldı. Çünki siyasi müstəqilliyin və milli təhlükəsizliyin davamlı təmin olunması üçün möhkəm iqtisadi baza əsas şərtlərdən biridir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda imzalanan investisiya kontraktlarının ümumi dəyərinin 20 milyard dollardan artıq olması ölkənin beynəlxalq investorlar üçün cəlbediciliyinin mühüm göstəricisi kimi təqdim edildi. Forumda iştirak edən aparıcı investisiya qurumlarının idarə etdiyi vəsaitlərin ümumi həcminin 30 trilyon dollardan çox olması da Azərbaycanın yaratdığı investisiya platformasının miqyasını göstərən amillərdən biridir. Bu göstəricilərə yalnız maliyyə rəqəmləri kimi yanaşmaq düzgün olmazdı. İnvestisiyalar yeni kapitalın, texnologiyaların, istehsal imkanlarının və iş yerlərinin ölkəyə gətirilməsi baxımından iqtisadi inkişafın mühüm vasitəsidir. Buna görə də qarşıdakı mərhələdə investisiya imkanlarının daha da genişləndirilməsi və iqtisadi artımın yeni sahələr hesabına təmin olunması əsas məqsədlərdən biri olaraq qalır.
Yeni iqtisadi mərhələdə enerji sektoru da xüsusi strateji əhəmiyyət daşıyır. Qlobal miqyasda enerji təhlükəsizliyinin yenidən ön plana çıxdığı bir dövrdə Azərbaycan özünü yalnız ənənəvi neft və qaz ehtiyatlarına malik ölkə kimi deyil, müxtəlif enerji resurslarının istehsalı və ixracı üçün geniş imkanları olan dövlət kimi təqdim edir. Bu baxımdan qarşıdakı illərdə enerji siyasətinin əhəmiyyəti yalnız ölkəyə gətirdiyi gəlirlərlə ölçülməyəcək. Enerji resursları Azərbaycanın həm iqtisadi imkanlarının, həm də beynəlxalq və regional mövqeyinin gücləndirilməsində mühüm rol oynamaqda davam edəcək. Yeni enerji layihələri ölkənin tərəfdaşlıq əlaqələrini genişləndirməklə yanaşı, Azərbaycanın geosiyasi əhəmiyyətini də artırır.
Bu geniş strategiyanın mühüm istiqamətlərindən biri isə Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış prosesinin davam etdirilməsidir. Ərazi bütövlüyünün bərpası Azərbaycanın qarşısında həmin ərazilərdə həyatın yenidən qurulması kimi böyük və tarixi vəzifə yaradıb. Bu səbəbdən Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi yalnız sosial layihə deyil, həm də genişmiqyaslı dövlətçilik və inkişaf layihəsidir. Cənab Prezidentin nitqində qeyd olunduğu kimi, hazırda bu ərazilərdə 96 min insan yaşayır, işləyir və təhsil alır. Bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait yönəldilib. Artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib və qarşıdakı illərdə Böyük Qayıdışın daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur.
Bu rəqəmlərin arxasında yalnız tikinti və məskunlaşma prosesi dayanmır. Qarabağ və Şərqi Zəngəzurda yeni yolların, məktəblərin, tibb müəssisələrinin, enerji və kommunal infrastrukturun yaradılması, istehsal sahələrinin qurulması, məşğulluq imkanlarının genişləndirilməsi və müasir yaşayış məkanlarının formalaşdırılması həyata keçirilir. Beləliklə, vaxtilə işğal altında olmuş ərazilər tədricən Azərbaycanın yeni iqtisadi, sosial və demoqrafik inkişaf məkanına çevrilir. Böyük Qayıdışın mahiyyəti də məhz bundan ibarətdir: insanların doğma torpaqlarına qayıtması ilə yanaşı, həmin ərazilərdə davamlı və müasir həyatın qurulması.
YAP-ın VIII Qurultayında səslənən nitqin ümumi məzmunu bütün bu istiqamətləri vahid dövlətçilik məntiqi ətrafında birləşdirir. Azərbaycanın əldə etdiyi siyasi və hərbi nəticələr indi uzunmüddətli və dayanıqlı dövlət gücünə çevrilməlidir. Güclü ordu təhlükəsizliyin, təhlükəsizlik sabitliyin, sabitlik iqtisadi inkişafın, iqtisadi inkişaf isə investisiyaların, yeni istehsalın və məşğulluğun genişlənməsinin əsasını yaradır. Enerji və nəqliyyat imkanlarının artması Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini yüksəldir, Qarabağ və Şərqi Zəngəzurun bərpası isə bütün bu prosesləri ölkənin yeni inkişaf coğrafiyasında birləşdirir.
Bu mənada VIII Qurultayı yalnız Yeni Azərbaycan Partiyasının növbəti toplantısı kimi qiymətləndirmək düzgün olmaz. Qurultay Azərbaycanın Zəfərdən sonrakı dövrdə qarşısında duran əsas məqsədlərin, prioritetlərin və inkişaf istiqamətlərinin siyasi baxımdan bir daha ifadə olunduğu mühüm platforma təsiri bağışlayır. Cənab Prezident nitqinin sonunda YAP fəallarının və bütün partiya üzvlərinin qarşıda dayanan tarixi vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcəyinə əminliyini bildirdi. Bu yanaşma göstərir ki, yeni mərhələdə YAP-ın qarşısında yalnız siyasi fəaliyyətlə məhdudlaşan vəzifələr dayanmır. Partiya həm də Azərbaycanın müəyyən etdiyi strateji hədəflərin cəmiyyətə çatdırılmasında, milli həmrəyliyin gücləndirilməsində və dövlətin qarşısında duran məqsədlərin ictimai-siyasi dayaqlarından birinin formalaşdırılmasında mühüm rol oynayacaq.
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.