Quliyeva Günay
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi Zəfərlərin və qarşıdakı siyasi-strateji mərhələnin əsas istiqamətlərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq vurğuladı ki, VIII Qurultay Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultaydır. Bu məqam qurultayın siyasi mahiyyətini müəyyən edən əsas amillərdən biridir.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü il 20 sentyabr tarixində Azərbaycanın suverenliyinin tam bərpa olunması ölkəmizin qarşısında yeni siyasi və geosiyasi reallıqlar yaradıb. Çıxışda 8 Noyabr Zəfər Günü və 20 Sentyabr Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifələri kimi xüsusi qeyd edildi. Dövlət başçısı şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək bu tarixi nailiyyətlərin hansı ağır mübarizə nəticəsində əldə edildiyini diqqətə çatdırdı.
Prezidentin çıxışının mühüm siyasi mesajlarından biri də milli birlik və dövlətçilik amilinin önə çəkilməsi idi. Çıxışda qeyd olunduğu kimi, Azərbaycanın qarşılaşdığı müxtəlif təzyiqlər və çətinliklər qarşısında xalqın vahid mövqeyi və dövlətin qətiyyətli siyasəti mühüm rol oynayıb. Digər mühüm məqam Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində fəaliyyətini davam etdirməsidir. Prezidentin çıxışı göstərir ki, ərazi bütövlüyünün və suverenliyin bərpası Azərbaycanın siyasi tarixində mühüm mərhələni tamamlayıb və bundan sonrakı dövr yeni vəzifələrin qarşıya qoyulduğu mərhələ kimi nəzərdən keçirilir.
YAP-ın VIII Qurultayı eyni zamanda partiyanın dövlətçilik siyasətindəki rolunun və qarşıdakı dövrdə üzərinə düşən vəzifələrin müəyyənləşdirilməsi baxımından diqqət çəkir. Prezident İlham Əliyev YAP-ın yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olduğunu qeyd edib və partiyanın ölkənin son illərdə keçdiyi inkişaf yolunda rolunu vurğulayıb.
VIII Qurultayın əsas siyasi mesajı ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi Zəfər yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qarşıdakı dövrdə əsas məsələlər dövlət müstəqilliyinin, suverenliyin, milli təhlükəsizliyin və ölkənin inkişafının daha da möhkəmləndirilməsi kontekstində gündəmə gəlir.