"Rusiyalı sülhməramlıların tələmtələsik, qabaqcadan bizə hər hansı bir məlumat vermədən Azərbaycan ərazilərindən çıxarılmasında kifayət qədər şübhəli məqamlar var. Çünki onların özləri Azərbaycan dövlətindən xahiş etmişdilər ki, ən azından, 2025-ci ilə qədər burada qalmasına imkan versinlər". Bunu
Onews.az-a açıqlamasında politoloq
Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, birdən-birə, qəflətən Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması əmrinin verilməsi düşündürücüdür:
"Bu məsələ ilə əlaqədar Rusiyanın hər hansı fəndgirliyi, düzülüb-qoşulan bir fikrinin olmamasını söyləmək mümkün deyil. Üstəlik, nəzərə alaq ki, Xocalı aeroportu hələ də rusiyalı sülhməramlıların nəzarəti altında qalır. Ona görə də bu məsələ ilə bağlı dərindən düşünmək lazımdır".
Bütün bunlarla yanaşı, politoloq hesab edir ki, Azərbaycan öz şimal qonşusu ilə münasibətləri isti saxlamaqda maraqlıdır:"Mənə belə gəlir ki, Moskva Bakı ilə münasibətləri dərinləşdirmək fikrindədir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Moskvaya gedib. Ölkə başçısı orada danışıqlar aparıb. Bir Kreml məmurunun dediyinə görə, Azərbaycanla daha dərinləşmiş, daha ətraflı danışıqlar prosesinə rəvac verilib. Azərbaycan Rusiyanın strateji tərəfdaşı, müttəfiqi kimi bir sıra məsələrdə yenidən sənədlərin imzalanmasına, qarşılıqlı razılıqların əldə olunmasına ehtiyac var. Amma hələ ki, bu barədə açılıb deyilən məqamlar yoxdur. Yəni, rus qoşunlarının Azərbaycandan çıxarılması nə ilə bağlıdır?! Hansı strateji müttəfiqlik təlabatından irəli gələn məsələlər meydana çıxdığından xəbərsizik. Hər halda rusların özlərinin dediyi kimi, Rusiyanı ağılla dərk eləmək mümkün deyil. Rusiya sürprizlər hazırlamağı və onu qəflətən elan etməyi sevir. Bu nöqteyi-nəzərdən, Allah betərindən saxlasın və Kreml bizimlə hansısa sürpriz mövqedən danışıqlar aparmasın".
Turan