Hindistan bütün dünyada Britaniya–Fransa istehsalı olan “Yaquar” tipli səsdən sürətli hücum təyyarələrini satın alır.
Onews.az xəbər verir ki, bu barədə hərbi-analitik portalı “Defense Ekspress” məlumat yayıb.
Nəşr qeyd edir ki, bu təyyarələr 1968–1981-ci illər arasında seriya ilə istehsal olunub. Yəni bu gün onların ən yenisinin belə yaşı 45, ən köhnəsinin isə 58 ildir. Vaxtilə bu təyyarələrlə silahlanan ölkələr artıq onları istismardan çıxarıblar və yalnız Hindistan onları HHQ-nin xidmətində saxlamaqda davam edir. Hazırda isə Nyu-Dehli bütün dünyada metal tullantısına çevrilməyə “macal tapmamış” istismardan çıxarılmış “Yaquar”ları toplayır.
Bildirilir ki, 2018–2019-cu illərdə Fransa Hindistana 32 ədəd “Yaquar” planeri pulsuz verib, yalnız daşınma xərclərinin ödənilməsini tələb edib. Bu yaxınlarda isə Oman Hindistana təxminən 20 ədəd istismardan çıxarılmış “Yaquar” satıb.
İndi isə Ekvadorla bu təyyarələrin, o cümlədən ehtiyat hissələri və onlara aid olan bütün avadanlıqların alınması barədə danışıqların aparıldığı bildirilir. Hindistanın bu dəfə neçə təyyarə əldə edə biləcəyi məlum deyil. Ekvadorun ilkin olaraq neçə “Yaquar”a sahib olduğunu nəzərə alsaq, söhbət ehtimal ki, bir neçə ədəd, maksimum isə on təyyarədən gedə bilər.