-Axı mən övladlarım üçün əlimdən gələn hər şeyi edirəm.
Bilirəm ki, zaman- zaman hər biriniz bu haqda düşünürsünüz. Əminəm ki, bir çoxunuz təbii olaraq qoruyucu, şəfqətli və sevgi dolusunuz. Lazım gəldə canınızı övladınız üçün fəda etməyə hazırsınız.
Bəs bu qədər fədakarlığımıza, sonsuz sevgi və şəfqətlə onları qucaqlamağımıza baxmayaraq, niyə övladlarımızın tərbiyəsi, davranışı çox zaman istədiyimiz kimi olmur?
Harada səhv edirik? Niyə yaxşı niyyətli və mərhəmətli uşaqlar yetişdirmək üçün sadəəcə bizim sevgimiz kifayət etmir?
Sevgi övladlarımıza qayğı göstərmək, qorumaq və daim yanlarında olmaq istəyimizdir. Onların ehtiyaclarını qarşılamaq, çətin anlarında dəstək olmaq və onların təhlükəsiz böyüməsi üçün sərhədləri müəyyən etməkdir. Sevgi həm də onların güclü, mərhəmətli və dürüst insanlar kimi böyüməsinə yardım etməkdir.
Lakin, mərhəmətli olmaq, empati duymaq sadəcə hisslərlə bağlı deyil, həm də necə düşünmək və davranmaqla bağlıdır.
Sevgimizi göstərmək vacibdir, amma uşaqlarımıza doğru davranışlar öyrətməliyik.
Əgər biz, başqalarına yaxşılıq etməyi, empati sərgiləməyi öz nümunəmizdə göstərməsək, doğru dəyərlər aşılamasaq o, başqalarına necə yanaşacağını bilməyəcək. Unutmayın, övldaı ilə olan münasibəti və ünsiyyəti onun bütün gələcək həyatını şəkilləndirir.
II. Uşaq tərbiyəsi- haradan başlamalı? Uşaq tərbiyəsi nədir? Sadəcə “sevgidir” deyə biləcəyimiz bir şey deyil. Tərbiyə uşağın həyatını formalaşdıran yol xəritəsidir. Uşaq tərbiyəsini bir növ drijorluğa bənzədirlər. Drijor böyük bir orkestri diqqətlə izləyir, dinləyir və yönləndirir. Ana da, öz övladının mənəvi dünyasını və fiziki-emosional inkişafını eyni həssasiyyətlə izləməli və yönləndirməlidir.
Tərbiyə - sevgi, səbr, qaydalar və düzgün nümunələrdən ibarətdir. Bu uşağın necə düşünməsi, davranması və hiss etməsi ilə bağlıdır.
Ana uşağın ilk və ən təsirli müəllimidir. Lakin, çox zaman analar gündəlik qayğıların altında əzilərkən, övladı ilə sağlam ünsiyyət qurmağı unudur, onun tərbiyəsini ihmal edir.
Uşaqla ünsiyyət qurması üçün ananın öz daxili dünyası ilə ünsiyyəti sağlam olmalıdır. Bunun üçün isə ilk addım ananın özünü tanımasıdır. Özünü dərindən tanımayan bir ana, övladının mənəvi dünyasına daxil ola bilməz, onunla bütünləşə bilməz.
Belə anaların sağlam tərbiyə mühiti yaratması demək olar imkansızdır.Özünü tanımaq, öz dəyərlərini, güclü və zəiftərəflərini bilmək, tərbiyədə müsbət nümunə olmaq üçün çox önəmlidir.
Sona Əliyeva
V çağırış Milli Məclisin deputatı