Onews.az şair Tural Turan "Şaman tabloları" şeirini təqdim edir:
(Şair Rüstəm Behrudi əfəndiyə)
Bəzən
qurd dişinə söykənir,
Yovşan qoxusunun
yalquzaq tərəfi.
Bəzən
Tanrı dağları da
yıxılır öz zirvəsindən,
Yıxılır
sonuncu şamanın
ağrıyan tüstüsünə sarı.
Bəzən
at nalında büdrəyir,
büdrəyir
hələ çalınmamış şeypurun
kimsəsiz notları...
Bəzən də
Bir qopuz səsinə bəzənir,
bəzənir
Göy çadırın boynubükük duaları.
... Olur ki,
diz çökür
bütün əski əlifbalar,
diz çökür
son savaşına atılmış
bir şair misrası önündə!
Onda
bütün ayrılıqların
qapılarını döyür,
döyür yaddaşını itirmiş
itkin ayaq izləri...
Elə bu an gülümsəyir
Qurd dişinin kölgəsi,
Gülümsəyir üzü Tanrıya sarı!
7 iyul 2020, Bakı
Tural Turan
Onews.az