Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Birmənalı şəkildə qeyd etməliyik ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etməsi tarixi hadisədir. Bu görüşün TDT-yə üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşü və Şeyx Seyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın keçirildiyi mühüm tarixi-siyasi mərhələyə təsadüf etməsi olduqca vacibdir.
Belə ki, konfrans yalnız görkəmli Azərbaycan mütəfəkkirinin irsinin öyrənilməsi baxımından deyil, həm də Türk dünyası, İslam aləmi və Qafqaz arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin nümayəndə heyətinin qəbulu zamanı səsləndirdiyi fikirlər isə Azərbaycanın tarixə, milli-mənəvi irsə, Türk dünyasına, Qafqaza və regional sülhə münasibətinin bütöv konsepsiyasını ortaya qoyub. Dövlətimizin başçısı çıxışında Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük şəxsiyyətlərin xüsusi vurğulanması təsadüfi deyil. Çünki Azərbaycan tarixinin ən mühüm xüsusiyyətlərindən biri onun yalnız milli deyil, eyni zamanda ümumbəşəri mədəniyyətə mühüm töhfələr verməsidir.
Digər diqqətçəkən nüans odur ki, Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirin irsinin beynəlxalq səviyyədə müzakirə olunması Azərbaycan tarixinin və zəngin mənəvi irsinin təbliği baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu cür tədbirlər müxtəlif ölkələrin dini və ictimai xadimləri arasında əlaqələrin inkişafına, qarşılıqlı anlaşma və həmrəyliyin möhkəmlənməsinə imkan yaradır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın keçdiyi tarixi yola da toxunaraq bildirib ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa edib. Bu fikir xalqımızın birlik və həmrəylik ruhunun ölkəmizin əldə etdiyi tarixi nəticələrdəki əhəmiyyətini ifadə edir.
Azərbaycanın multikultural və tolerant dəyərlərə əsaslanan təcrübəsi də görüşün mühüm mövzularından biri kimi diqqət çəkir. Dini liderlərin Bakıda bir araya gəlməsi müxtəlif dini və mədəni ənənələr arasında dialoqun inkişafı baxımından əhəmiyyətlidir.
Dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi kimi təqdim edilməsidir. Bu yanaşma Azərbaycanın geosiyasi və tarixi mövqeyinin düzgün anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan bir tərəfdən ortaq dil, tarix, mədəniyyət və mənəvi dəyərlərlə bağlı olduğu Türk dünyasının fəal üzvüdür, digər tərəfdən isə Qafqazın mərkəzində yerləşən və bu regionun siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik proseslərinə birbaşa təsir göstərən dövlətdir. Ölkəmizin bu iki mühüm coğrafi və sivilizasiya məkanının kəsişməsində yerləşməsi ona xüsusi strateji üstünlüklər verir. Bakı həm Türk dünyasının müxtəlif coğrafiyalarını birləşdirən siyasi və nəqliyyat platformalarından biri, həm də Qafqazda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsində mühüm mərkəzdir.
Bundan başqa, cənab Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışdı. 65 məscidin Ermənistan dövləti tərəfindən tam dağıdıldığını, bəzilərinin yarıdağılmış vəziyyətdə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Yəqin ki, siz də o fotoları görmüsünüz, Ermənistan məscidlərdə bilərəkdən, qəsdən heyvan saxlayırdı, donuz saxlayırdı, inək saxlayırdı. Yəni bizi təhqir etmək, bizi aşağılamaq üçün, bizim həssaslığımızı dərk edərək, yəni qəsdən xalqımızı daha da incitmək üçün belə vəhşi əməllərdən də çəkinmədi. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bax, budur Ermənistan dövlətinin əsl siması. Biz bunu heç vaxt unutmamalıyıq və unutmayacağıq”.
Prezident İlham Əliyevin dini liderlərlə görüşündə çıxışı təkcə regionumuzda yox, bölgədən kənarda da kifayət qədər böyük əks-səda doğurur. Çünki Azərbaycan çox həssas, eyni zamanda, əlverişli bölgədə yerləşir. Burada həm İslam, həm türk, həm də Qafqaz amilinin bir-biri ilə üst-üstə düşməsi Azərbaycanın rolunu müstəsna şəkildə əhəmiyyətli edir.
Digər tərəfdən, Azərbaycan illərlə təkcə ərazilərinin işğal altında olması ilə deyil, beynəlxalq hüququn qəbul edilmiş qərarlarının icrasız qalması ilə də üzləşdi. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi mövcud idi, Azərbaycan bütün beynəlxalq platformalarda bu məsələni qaldırırdı, amma işğal amilinə görə Ermənistana qarşı real sanksiya mexanizmi tətbiq edilmədi, işğalçı öz adı ilə çağırılmadı.
Prezident İlham Əliyevin konsepsiyası göstərir ki, Azərbaycan mədəniyyətə, mənəviyyata əsaslanan strategiyanı dünya gündəmində aparıcı xəttə çevirir.
Azərbaycan dövlətinin gücü onun həm qədim köklərinə sadiqliyində, həm də Türk dünyası, Qafqaz və İslam coğrafiyasını birləşdirən qlobal miqyaslı inteqrasiya siyasətində gündəlik formalaşdırır. Bütün bunların fonunda Prezident İlham Əliyevin Türk dünyasının, Qafqazın və bütövlükdə İslam aləminin birliyi ilə bağlı qeyd etdiyi məqamlar xüsusi məna daşıyır.
Bir sözlə, bu görüşlər mənəvi həmrəyliyin, qarşılıqlı hörmətin və əməkdaşlığın təşviqi baxımından əhəmiyyətli platforma olaraq diqqəti cəlb edir.