Gülüstan Vəliyeva
202 saylı tam orta məktəbin direktoru, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri
26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizin dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan günlərdən biridir. Bu tarix təkcə ordumuzun yaranmasının deyil, həm də xalqımızın müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin simvoludur. Azərbaycan Ordusu keçdiyi şərəfli inkişaf yolu ərzində regionun ən güclü hərbi qüvvələrindən birinə çevrilmiş, dövlətimizin təhlükəsizliyinin və sabitliyinin əsas təminatçısı olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyunun 26-da ilk milli hərbi hissələrin yaradılması barədə qərar qəbul edildi. Bu qərar milli ordunun formalaşdırılmasının əsasını qoydu. Məhz buna görə də müstəqil Azərbaycanda 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Sovet dövründə milli hərbi quruculuq prosesi dayandırılsa da, xalqın ordu ənənələri qorunub saxlanıldı.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra qarşımızda duran ən mühüm vəzifələrdən biri güclü milli ordunun yaradılması idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Qarabağda baş verən müharibə bu zərurəti daha da aktuallaşdırdı. İlk illərdə mövcud çətinliklər, siyasi qeyri-sabitlik və nizami ordunun tam formalaşmaması döyüş əməliyyatlarının gedişinə mənfi təsir göstərirdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində mühüm islahatlar həyata keçirildi. Silahlı Qüvvələrin vahid komandanlıq sistemi formalaşdırıldı, hərbi intizam gücləndirildi, peşəkar kadr hazırlığına xüsusi diqqət yetirildi. Bu mərhələ Azərbaycan Ordusunun müasir inkişaf strategiyasının əsasını təşkil etdi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və hərbi texnika ilə təminatı artırıldı, beynəlxalq təcrübəyə uyğun hərbi hazırlıq sistemi quruldu. Müdafiə sənayesinin inkişafı da hərbi potensialın yüksəlməsində mühüm rol oynadı. Onun rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü ordu quruculuğu siyasəti nəticəsində Silahlı Qüvvələrimiz müasir dövrün tələblərinə cavab verən, yüksək döyüş qabiliyyətinə malik peşəkar orduya çevrilmişdir. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması, ən müasir silah və texnologiyalarla təchiz olunması istiqamətində atılan addımlar Azərbaycan Ordusunun gücünü daha da artırmışdır.
Azərbaycan Ordusunun qüdrəti xüsusilə 2020-ci ildə baş vermiş Vətən müharibəsində özünü bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn tələb etdiyi ədaləti döyüş meydanında təmin etdi. Ordumuz yüksək peşəkarlıq, müasir taktika və güclü vətənpərvərlik ruhu nümayiş etdirərək işğal altında olan torpaqlarımızı azad etdi.
Şuşanın azad olunması Vətən müharibəsinin ən mühüm hadisələrindən biri kimi tarixə düşdü. Strateji əhəmiyyətə malik bu şəhərin işğaldan azad edilməsi Azərbaycan xalqının mənəvi qələbəsi olmaqla yanaşı, müharibənin taleyini müəyyən edən əsas amillərdən biri oldu. Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin igidliyi nəticəsində ölkəmiz tarixi Zəfərə imza atdı.
2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi bütün ərazilərində tam bərpa edildi. Bununla da Qarabağ məsələsi ölkəmizin milli maraqları və beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapdı.
2020-ci il Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazilərində suverenliyinin tam bərpa olunması Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, strateji baxışının və xalq-ordu birliyinin parlaq təzahürü kimi tarixə yazılmışdır.
Bu gün Azərbaycan Ordusu yalnız ölkəmizin deyil, bütövlükdə regionun ən güclü ordularından biri hesab olunur. Müasir hərbi texnologiyalar, peşəkar zabit heyəti, yüksək döyüş hazırlığı və xalq-ordu birliyi bu gücün əsas dayaqlarıdır. Ordumuzun əldə etdiyi uğurlar gələcək nəsillər üçün vətənpərvərlik məktəbi, dövlətçilik nümunəsidir.
26 İyun – Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün qürur və ehtiram günüdür. Bu gün biz Vətən uğrunda canından keçən şəhidlərimizi dərin minnətdarlıqla yad edir, qazilərimizin qəhrəmanlığına ehtiram göstərir və Azərbaycan əsgərinin şərəfli xidmətini yüksək qiymətləndiririk. Azərbaycan Ordusunun qazandığı Zəfərlər xalqımızın birliyinin, dövlətimizin gücünün və milli iradəsinin parlaq təcəssümüdür.