Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi təsis edilmişdir. Bu gün torpaqlarımızın azadlığı uğrunda canından keçən azadlıq fədailərinə, bütün şəhidlərimizə dərin ehtiramın və minnətdarlığın ifadəsidir.
27 sentyabr bizə vahid bir xalq olmağın, eyni addımlamağın və bir yumruq kimi birləşməyin nə demək olduğunu xatırlatdı. Səngərdə düşmən üzərinə tərəddüdsüz yeriyən əsgərin cəsarəti ilə arxa cəbhədə dualarını əskik etməyən, əlindən gələn hər cür dəstəyi verən insanların birliyi eyni məqsədə xidmət edirdi: Torpaqlarımızın azadlığı və tapdanmış ədalətin bərpası.
Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan soydaşlarımızın sevinci şəhidlərimizin ruhuna ən böyük töhfədir. 27 sentyabrla başlayan zəfər yürüşü Azərbaycanın regionda və dünyada mövqeyini köklü şəkildə dəyişdi və tarixi ədaləti bərpa etdi.
İllər keçəcək, nəsillər dəyişəcək, amma 27 sentyabrın ruhu heç vaxt unudulmayacaq. Bu gün Qarabağda, Şuşanın zirvəsində azad dalğalanan üçrəngli bayrağımıza hər dəfə baxanda o 44 günlük möhtəşəm dastanı və o dastanın qəhrəmanlarını minnətdarlıqla xatırlayıram.
Ruhunuz şad olsun, Vətən oğulları. Bizə bəxş etdiyiniz bu Zəfər və əmanət qoyduğunuz bu azad torpaqlar hər zaman ən müqəddəs varlığımız olaraq qalacaq.
Asudə Boyaqçızadə
YAP Nərimanov rayon təşkilatının fəal gənci