O, 22 yaşında “qara qitə”nin ağdərili dünya gözəli seçilir. Kasıb ailənin çəlimsiz qızı gözəlliyi ilə dünyanı fəth edir.
Onews.az-ın "Araşdırma Redaksiyası" bu dəfə məşhur afrikalı dünya gözəlinin həyat hekayəsi ilə sizləri tanış edir:
Uşaqlıqda ən böyük arzusu dünya gözəli tacını kasıb komalarına gətirmək idi. Ana nənəsi qaradərili olduğu üçün genlərində “qaraların qanının axdığını qürurla...” dilə gətirir.
O, ölümcül xəstəliyə tutulan bacısının psixoloji dəstəyi ilə ən böyük arzusunu gerçəkləşdirir. Gözəllik tacını evlərinə gətirdikdən 2 il sonra bacısı leykoz xəstəliyindən dünyasını dəyişir. Bundan sonra uzun müddət özünə gələ bilmir. Afrikalı dünya gözəli 3 il özünü evə qapadır.
İİV və QİÇS-lə mübarizə işinə yardım etmək üçün öz titulundan yararlanmağa başlayır. Çünki bacısı da QİÇS daşıyıcısı idi. Söhbət 2017-ci ildə Las-Veqasda “Miss Universe” seçilən Demi Leyh Tebovdan gedir.
Demi 1995-ci ildə Cənubi Afrikanın Sidqefild bölgəsində doğulur. Kasıb ailədə böyüyür. Uşaqlıqda vitamin çatışmazlığından əziyyət çəkir. Ona görə də tez-tez xəstələnirdi. Sidqefild xəstəxanasının həkimləri onu gözəlliyinə görə “qarabuğdayı almaz” adlandırırdılar.
“North-West University”-də peşəkar modelliyin sirlərini öyrənir. 2017-ci ildə Cənubi Afrikada keçirilən gözəllik müsabiqəsinə qatılmaq qərarına gəlir. Qalibə bir illik maliyyə təminatı, Nyu-Yorkda mənzil və digər mükafatlar verilir. Bunun üçün müraciət də ünvanlayır.
Amma xəstə bacısının xahişi ilə həmin il Las-Veqasda keçirilən “Kainat Gözəli-2017” müsabiqəsinə də qatılmaq qərarına gəlir. 22 yaşlı Demi ABŞ-da keçirilən yarışmaya elə də ümid etmirdi. Tərslikdən CAR-da keçirilən yarışma ilə Las-Veqasdakı turnirin tarixi üst-üstə düşür.
O, yenə də xəstə bacısından məsləhət alır. Yaxın dostlarının maddi köməyi ilə Las-Veqasa yollanır.
Demi Leyh Tebov burada bütün münsifləri heyrətləndirməyi bacarır. 2017-ci ilin dünya gözəli seçilir. 39 ildən sonra “Kainat Gözəli” tacını Cənubi Afrikaya gətirir.
Vətənə döndükdən sonra eşidir ki, CAR-dakı müsabiqə bir ay ertələnir. Demi həmin müsabiqənin də birincisi olur. Bu hadisədən sonra yenicə aldığı avtomobil parklama nöqtəsindən oğurlanır. O, buna üzülmür və həmin oğurluqdan sonra xeyriyyə işləri ilə məşğul olmağa başlayır. Bacısının ölümü isə hər şeyi alt-üst edir.
Demi Tebov bacısını “dəmir iradəli mələk” adlandırırdı. Çünki ən çətin anlarında ondan məsləhətlər alırdı. 28 yaşlı dünya gözəli həmin il peşəkar sokker oyunçusu Tim Tebov ilə tanış olur. Bir müddət sonra cütlük ailə həyatı qurur.
Hazırda Demi Tebov ölkəsində gerçəkləşən ən məşhur bahalı dəfilələrin rəsmi simasıdır.
Fuad Süleyman