O, Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Azərbaycan hakimi və taxt-tacın varisi idi. Təbrizdə doğulsa da, ömrünü Şuşada başa vurmuşdu. Üç arvadından 63 övladı dünyaya gəlmişdi.
Orta hesabla hər xanımından 21 övladı doğulmuşdu. Hələ sağlığında 5 oğlu general rütbəsinə sahib olmuşdu. Ölümündən sonra daha 2 oğlu general rütbəsinə yiyələnmişdi. 31 oğlu, 32 qızı var idi.
Bütün övladlarına ali təhsil verməyi bacarmışdı. Söhbət böyük mütəfəkkir və fikir adamı Bəhmən Mirzə Qovanlı-Qacardan gedir. 1847–1848-ci illərdə Bəhmən Mirzə Qacar saray çəkişmələrinin nəticəsində Qafqaza qaçır. O, ruslardan sığınacaq istəyir.
Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayır. Ona şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir.
Bir qədər tərəddüddən sonra Bəhmən Mirzə Şuşada yaşamaq istədiyini bildirir. Onu öz hərəmləri, uşaqları və yaxın əhatəsi ilə birlikdə oraya göndərirlər.
Bəhmən Mirzənin kitabxanasını və xəzinəsini də Şuşaya köçürürlər. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir. Özü isə siyasətdən uzaqlaşaraq, Azərbaycan tarixinə dair əsərlər yazır.
Onun 31 oğlunun əksəriyyəti hərbçi olmağa qərar verir.
Birinci dünya müharibəsi ərəfəsində onların arasından altı general və bir neçə zabit çıxmışdı. Bəhmən Mirzənin uşaqları Oktyabr inqilabını qəbul etmir.
Bu yolda bir çoxları hətta canlarını da qurban verirlər. Bəhmən Mirzənin törəmələrinin Qafqaz budağı faktiki olaraq, sıradan çıxır.Bəhmən Mirzənin əsərləri Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanın muzey və kitabxanalarına səpələnir. Onun irsi əlyazmalarında, habelə onun zəngin kolleksiyasına məxsus tətbiqi sənət əşyalarında yaşamaqdadır.
O, 1884-cü ildə Şuşada, 73 yaşında dünyasını dəyişir.
Fuad Süleyman
Xüsusi olaraq Onews.az üçün...