Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasını “gürcü kabusu” adlandırıb.
Onews.az gürcü mediasına istinadən xəbər verir ki, Zurabişvili Fransa mətbuatına müsahibəsində oktyabrda keçiriləcək parlament seçkilərinin hakim “Gürcü Arzusu” partiyasından “qurtulmaq” baxımından həlledici olacağını, partiyanın “gürcü arzusu deyil, gürcü kabusu” olduğunu deyib.
O, Gürcüstan üçün Avropa yoluna, azadlıq və müstəqilliyin möhkəmlənməsinə xidmət etməyən hər şeyin kabus olduğunu əlavə edib.
Ölkə başçısı Rusiyanın Gürcüstanla bağlı siyasətinin artıq fərqli olduğunu, təbliğat və öz qanununun qəbul edilməsi üçün rəsmilərə təzyiq göstərməklə rusiyalıların Gürcüstana kütləvi köçü kimi vasitələrlə “hibrid müharibə” strategiyasını mənimsədiyini söyləyib.
Prezident qeyd edib ki, bu ilin sonunda Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına başlamaq perspektivi var, lakin “xarici təsir” qanunu məhz buna qarşı olacaq.
Turan