O, həm Türkiyə, həm də Almaniya ordusunun azərbaycanlı generalı idi. Türkiyədə doğulsa da, ata və anasının Azərbaycan kökləri vardı.Onews.az-ın
"Araşdırma Redaksiyası" bu dəfə general
Hüsnü Əmir Ərkilətin gizəmli, sirli həyatını sizlərə təqdim edir:
Hüsnü Əmir Ərkilət 1883-ci ildə Kayserinin Ərkilət nahiyəsindən doğulmuşdu.
Atası Osmanlı ordusunun zabiti olan Xəlil bəy idi. Xəlil bəy peşəkar zabit və yüksək təhsilə malik bir insan olaraq tanınırdı. Xəlil bəyin həyat yoldaşı Şəfiqə xanım da əslən azərbaycanlı idi. Şəfiqə xanım Şuşada doğulmuş, 1880-ci ildə ailəsi ilə birlikdə Kayseriyə köçmüşdü. Elə bu şəhərdə kökəncə azərbaycanlı olan Xəlil bəylə ailə qurmuşdu. Hüsnü bəy həyatını atasının təkidilə hərb sənətinə bağlayır.
Dayısı Rəfi bəyi onu hərbi məktəbə qoyur. 10 illik hərbi sahədə təhsil alan Hüsnü bəy kapitan kimi xidmətə başlayır. 1910–1912-ci illərdə təhsilini Almaniyada davam etdirən Hüsnü bəy Türkiyəyə mayor rütbəsində qayıdır.
O, 26 dekabr 1913-cü ildə Hüsnü Əmir Ərkilət 5-ci Ordu Korpusunun komandanı təyin edilir. Onun komandanlığı altında bu korpus bir çox ağır döyüşlərin iştirakçısı olur. 2 avqust 1919-cu ildə 36 yaşlı Hüsnü Əmir Ərkilət general rütbəsi ilə təltif edilir. Beləliklə, o, Baş Qərargahın rəisi təyin olunur.
İstiqlal Savaşında iştiraka görə təhsil üçün göndərildiyi Almaniyadan geri dönən Hüsnü bəy Sakarya döyüşünə qatılır. Onun rəhbərlik etdiyi bölmələr yunanları ağır məğlubiyyətə uğradır.Hüsnü bəy 1932-ci ildə 49 yaşında ordudan tərxis olunur. Lakin 1939-cu ildə o gizli olaraq Almaniyaya dəvət edilir.
Almaniya səfiri Franz von Papenlə Almaniyaya gedən Hüsnü bəy burada alman ordusun yüksək rütbəli zabitləri ilə görüşür. Hüsnü Əmir Ərkilət 1941-ci ildən başlayaraq alman ordusunun beyin mərkəzi olan baş qərargahda çalışmağa başlayır. Alman ordusunun Şərq Cəphəsi üzrə komandanı Marşal Fedor von Bocklun təqdimatı ilə Hüsnü bəy Adolf Hitlerlə görüşür.
Bu görüşdən sonra general Hüsnü Əmir Ərkilət əməliyyatların icra qərargahında çalışmağa başlayır. O, alman ordusun ürəyini idarə edən bir general idi. Onun verdiyi məsləhətlər dərhal icra edilirdi.
O, cəbhədə baş hadisələr barədə informasiyanı şəxsən Adolf Hitlerə verirdi. Hüsnü Əmir Ərkilətin təkidi nəticəsində yüz minə yaxın müsəlman hərbi əsir ölümün caynağından xilas edilir. Türk-tatar əsirlərindən milli legionlar yaratmaq fikri məhz Hüsnü bəyə məxsus idi.
1941-ci ilin oktyabrında bu planın müsbət həyata keçirilməsində cəhdlər göstərildi. Hüsnü bəylə bərabər Nuru Paşanın da milli legionların yaradılmasında böyük əməyi var idi. Hüsnü Ərkilət müharibə qurtarandan sonra "Hitlerin qərargahında 45 gün" adlı xatirələrini çap etdirir.
General xatirələrində bəzən müsəlmanları xilas etmək üçün bütün vasitələrdən istifadə etdiyini yazır. Hüsnü Əmir Ərkilət 1958-ci ildə Ankarada dünyasını dəyişir.
Hüsnü bəy Ankara Asri qəbiristanlığında dəfn edilir.
Tural Turan