Anar Abbasov,
YAP Nərimanov Rayon Təşkilatının sədr müavini
Hər il 22 iyul tarixində ölkəmizdə qeyd olunan Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının yaranmasının, keçdiyi şərəfli inkişaf yolunun və cəmiyyət həyatındakı əvəzsiz rolunun yüksək dəyərləndirilməsinin ifadəsidir. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən təsis edilən “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 150 il ərzində xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ictimai fikrin formalaşmasında, maarifçilik ideyalarının təbliğində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm xidmətlər göstərmişdir. Azərbaycan mətbuatı tarixin müxtəlif mərhələlərində xalqın səsini çatdıran, milli maraqları müdafiə edən və cəmiyyətin inkişafına töhfə verən ən təsirli ictimai institutlardan biri kimi formalaşmışdır.
Azərbaycan milli mətbuatının keçdiyi yol təkcə jurnalistika tarixini deyil, eyni zamanda xalqımızın milli azadlıq, istiqlal və dövlətçilik uğrunda mübarizəsinin salnaməsini özündə əks etdirir. Mətbuat hər zaman xalqın maariflənməsinə, milli özünüdərkin güclənməsinə, ictimai-siyasi proseslərin düzgün qiymətləndirilməsinə və milli həmrəyliyin möhkəmləndirilməsinə xidmət etmişdir. Məhz buna görə də Ulu Öndər Heydər Əliyev milli mətbuatımızın tarixi missiyasını yüksək qiymətləndirərək demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu dəyərli fikir milli mətbuatın cəmiyyət həyatındakı rolunu və dövlətçilik tariximizdəki xüsusi yerini aydın şəkildə ifadə edir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı üçün yeni mərhələ başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirildi, demokratik hüquqi baza yaradıldı, medianın müstəqil fəaliyyətini təmin edən mühüm qərarlar qəbul olundu. Xüsusilə senzuranın ləğv edilməsi, medianın hüquqi və iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ölkəmizdə azad və peşəkar medianın inkişafına geniş imkanlar açdı. Bununla yanaşı, dövlət-media münasibətlərinin sağlam prinsiplər üzərində qurulması Azərbaycanın informasiya məkanının davamlı inkişafını təmin edən əsas amillərdən biri oldu.
Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, rəqəmsal medianın inkişafı, jurnalistikanın peşəkarlıq səviyyəsinin yüksəldilməsi və müasir texnologiyaların tətbiqi istiqamətində atılan addımlar Azərbaycan mediasının yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.” Bu fikirlər müasir Azərbaycan mediasının qarşısında duran əsas vəzifələri – obyektivlik, operativlik, peşəkarlıq və milli maraqlara sadiqliyi özündə ehtiva edir.
Son illərdə ölkəmizin əldə etdiyi tarixi Zəfər Azərbaycan mediasının fəaliyyətində də yeni mərhələ yaratmışdır. 44 günlük Vətən müharibəsi dövründə və sonrakı mərhələdə jurnalistlər böyük fədakarlıq nümayiş etdirərək cəbhədən operativ və dəqiq məlumatlar çatdırmış, Ermənistanın dezinformasiya kampaniyalarına qarşı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışlar. Azərbaycan mediası informasiya müharibəsində peşəkarlığı, milli həmrəyliyi və dövlət maraqlarına sadiqliyi ilə seçilərək ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə vermişdir.
Bu baxımdan müstəqillik dövründə ilk dəfə Azərbaycan jurnalistlərinin peşə bayramını işğaldan azad olunmuş Şuşa şəhərində qeyd etməsi xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır. Qarabağın tacı olan Şuşada keçirilən Milli Mətbuat Günü tədbirləri Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının, tarixi ədalətin təmin edilməsinin və ölkəmizin mədəni-siyasi həyatında yeni mərhələnin başlanmasının rəmzi ifadəsinə çevrilmişdir. Milli mətbuat tarixində ilk dəfə belə bir əlamətdar günün Şuşada keçirilməsi həm jurnalistika tariximiz, həm də dövlətçilik salnaməmiz üçün mühüm hadisə kimi yadda qalmışdır. Bu, eyni zamanda Azərbaycanın azad edilmiş torpaqlarında həyatın bütün sahələrində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin, o cümlədən media mühitinin inkişafına verilən önəmin bariz göstəricisidir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, qlobal informasiya məkanında rəqabətin daha da gücləndiyi bir şəraitdə Azərbaycan mediasının üzərinə daha böyük məsuliyyət düşür. Obyektiv, operativ və peşəkar jurnalistika cəmiyyətin düzgün məlumatlandırılmasında, milli maraqların qorunmasında, dövlətimizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində və informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Milli mətbuatımızın zəngin ənənələrinin qorunması və müasir çağırışlara uyğun inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Bu gün 150 illik şərəfli tarixə malik Azərbaycan milli mətbuatı özünün zəngin irsinə söykənərək yeni inkişaf mərhələsini yaşayır. Əminliklə demək olar ki, peşəkarlıq, məsuliyyət və milli maraqlara sadiqlik prinsiplərinə əsaslanan Azərbaycan mediası bundan sonra da ölkəmizin davamlı inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə və cəmiyyətimizin obyektiv informasiya ilə təmin olunmasına layiqli töhfələr verməyə davam edəcəkdir. Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları və məsuliyyətli fəaliyyətlərində nailiyyətlər arzulayırıq.