"Gənclər Şəbəkəsi" Təşəbbüsü İctimai Birliyi 16 yaşdan yuxarı autizmli gənclərin sosial inteqrasiyasına, yaradıcılıq bacarıqlarının inkişafına və cəmiyyət həyatında fəal iştirakına dəstək məqsədilə növbəti tədbirini reallaşdırıb. Layihə "Inclusive Sport and Health Club" ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub.
Tədbir zamanı iştirakçılar müxtəlif rəsm və yaradıcı fəaliyyətlərə cəlb ediliblər. Gənclər üçün öz potensiallarını sərbəst ifadə edə biləcəkləri rahat və inklüziv mühit yaradılıb. Onlar rəngkarlıq materiallarından istifadə edərək öz əl işlərini hazırlayıb, fərdi yaradıcılıq imkanlarını nümayiş etdiriblər. Layihənin əsas məqsədi autizmli gənclərin yalnız xüsusi qayğıya ehtiyacı olan şəxslər kimi deyil, cəmiyyətdə zəngin maraqları, bacarıqları və yaradıcılıq potensialı olan şəxslər kimi daha geniş yer almasına şərait yaratmaqdır. Bu cür tədbirlər gənclərin sosial ünsiyyət imkanlarının genişlənməsinə, yeni bacarıqlar əldə etməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
Tədbir "Inclusive Sport and Health Club" ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Klubun inklüziv idman və sağlamlıq istiqamətindəki fəaliyyəti ilə yanaşı, autizmli gənclərin sosial və yaradıcı həyata cəlb olunmasına yönəlmiş birgə təşəbbüslər gələcək üçün geniş imkanlar açır. Gənclərin hazırladıqları rəsmlər isə onların daxili dünyasını, yaradıcı yanaşmalarını və fərdi baxış bucaqlarını əks etdirib.
"Gənclər Şəbəkəsi Təşəbbüsü" İB inklüzivliyin inkişaf etdirilməsi, autizmli gənclərin cəmiyyətə inteqrasiyasının artırılması və onların müxtəlif sahələrdə özlərini ifadə etməsi üçün yeni layihələr həyata keçirməyə davam edəcək. Təşkilatçılar gələcəkdə də tərəfdaş qurumlarla birlikdə 16 yaşdan yuxarı autizmli gənclərin sosial, yaradıcı, idman və inkişafyönümlü fəaliyyətlərə cəlb olunmasına xidmət edən silsilə tədbirlər nəzərdə tutur.