Sevda Haqverdiyeva,
Sosial Xidmətlər Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzi üzrə YAP Nərimanov rayon təşkilatının ƏPT sədri.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında çıxışı ölkəmizin qazandığı tarixi nailiyyətlərə nəzər salmaqla yanaşı, qarşıdakı dövr üçün əsas vəzifələri də müəyyən edən mühüm siyasi mesajlarla yadda qaldı.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsidir. Bu tarixi nailiyyət xalqımızın birliyi, dövlətimizin qətiyyətli siyasəti və güclü iradəsi nəticəsində əldə olunub. Azərbaycan xalqının milli həmrəyliyi və dövlətinə olan inamı ölkəmizin uğurlarının əsasını təşkil edir.
Bu gün əldə etdiyimiz nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin tarixində mühüm dönüş nöqtəsi olmuş, dövlətçiliyimizin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində böyük rol oynamışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir.
Cənab Prezident çıxışında dövlətimizin iqtisadi və hərbi qüdrətinin artırılmasını, təhlükəsizliyin qorunmasını, eləcə də ideoloji təhlükəsizliyin gücləndirilməsini əsas vəzifələr sırasında qeyd etdi. Müasir dövrdə milli dəyərlərimizin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, təhsilin və maarifləndirmənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzvlərinin üzərinə mühüm məsuliyyət düşür.
Ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi, əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı səsləndirilən fikirlər də dövlət siyasətinin əsas məqsədlərindən birinin vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması olduğunu göstərir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın gələcəyə inamla addımladığını təsdiqləyir. Böyük Qayıdış Proqramının uğurla davam etdirilməsi dövlətimizin qarşısında duran mühüm strateji vəzifələrdəndir.
Ərazi Partiya Təşkilatının sədri olaraq hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında irəli sürülən müddəalar ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İnanıram ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü Prezident İlham Əliyevin müəyyən etdiyi məqsəd və vəzifələrin həyata keçirilməsində öz töhfəsini verməyə çalışacaq. Partiya üzvləri olaraq üzərimizə düşən əsas məsuliyyət dövlətimizin uğurlarını təbliğ etmək, milli həmrəyliyi gücləndirmək, vətəndaşlarla sıx əlaqə saxlamaq və ölkəmizin inkişafına xidmət edən təşəbbüslərdə fəal iştirak etməkdir.
Əminliklə deyə bilərik ki, güclü dövlət, birliyə əsaslanan cəmiyyət və xalqın etimadını qazanan siyasi iradə Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması və ölkəmizin daha böyük uğurlara çatması naminə öz fəaliyyətini davam etdirəcək.