"Gənclər Şəbəkəsi" İctimai Birliyi "Inclusive Sport and Health Club" ilə tərəfdaşlıq çərçivəsində 16 yaşdan yuxarı autizmli gənclərin sosial inteqrasiyasına və sağlam həyat tərzinə dəstək məqsədilə növbəti inklüziv tədbirini reallaşdırıb. Açıq hava idman meydançasında və qapalı məkanda təşkil olunan tədbirlərdə gənclər xüsusi fiziki hərəkətlər, koordinasiya tapşırıqları və stolüstü oyunlara cəlb olunublar. İştirakçıların fərdi imkanlarına uyğun yaradılan rahat mühit onların özlərini sərbəst ifadə etməsinə və bacarıqlarını nümayiş etdirməsinə şərait yaradıb. Layihənin əsas məqsədi autizmli gənclərin cəmiyyət həyatında fəal iştirakını artırmaq, idman vasitəsilə onların sosial ünsiyyət imkanlarını genişləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdir. "Gənclər Şəbəkəsi" İB inklüzivliyin inkişafı və gənclərin müxtəlif sahələrdə potensiallarını reallaşdırmaları üçün bu qəbildən olan layihələri gələcəkdə də davam etdirməyi nəzərdə tutur.